Energetika naziri Pərviz Şahbazov ABŞ-nin Corc Vaşinqton Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Anım Günü”nə həsr olunmuş tədbirdə çıxış edib. Nazir çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətləri olmuş liderdir. Ümummilli Liderin Birləşmiş Ştatlarla etibarlı və sabit tərəfdaşlıq yaratmağa xidmət edən səyləri nəticəsində enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlığın strateji çərçivəsinin formalaşdığı vurğulanıb. Heydər Əliyevin strateji düşüncəsinin məhsulu olaraq 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan-ABŞ enerji tərəfdaşlığının ilk nailiyyəti, Xəzər dənizinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılması ilə bağlı bütün proseslərdə ABŞ-nin yaxından iştirakının başlanğıcı kimi qiymətləndirilib. “Ümummilli Liderin sözləri ilə desək, mənə elə gəlir ki, bunu ilk dəfə Amerikada "Əsrin müqaviləsi" adlandırdılar. Birləşmiş Ştatların dəstəyi olmasaydı, biz 1994-cü ildə ilk müqaviləni, Bakı-Ceyhan neft borusu haqqında sazişi imzalaya bilməzdik,” - deyə nazir Ulu Öndərdən sitat gətirib. “Əsrin müqaviləsi”nin ardınca Ağ Evdə hər iki ölkənin neft şirkətləri arasında dörd müqavilənin imzalanması, həmçinin ABŞ-nin dəstəyi ilə Bakı- Supsa, Bakı-Tbilisi-Ceyhan Cənub Qaz Dəhlizi layihələrinin reallaşması enerji tərəfdaşlığımızın uğurlu nümunələri kimi qeyd olunub.
Həmçinin vurğulanıb ki, Ümummilli Liderin irsinin layiqli davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ABŞ Prezidenti cənab Donald Trampın liderliyi ilə hazırda münasibətlərimiz möhkəmlənir, enerji tərəfdaşlığımız isə yeni strateji mərhələyə qədəm qoyub.
Tədbirdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, ADA Universitetinin rektoru Hafiz Paşayev, millət vəkili, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov da çıxış edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilən “İz” filmi nümayiş olunub.
XQ

