Partlayıcı vasitələrdən naşı istifadə təhlükəlidir!
Hər il bayramqabağı bazarlarda pirotexniki vasitələrin satışına rast gəlinir. Bu ərəfələrdə baş verən xəsarətlərin əhəmiyyətli hissəsi məhz bu vasitələrlə bağlı olur. Rəngli işıq və gur səslər insanlarda sevinc və həyəcan hissi yaratsa da, bu pirotexniki vasitələr düzgün istifadə edilmədikdə, ciddi təhlükə mənbəyinə çevrilir. Yandırıldıqda və ya işə salındıqda işıq saçır, səs effekti yaradır və bəzi hallarda havaya qalxaraq müxtəlif fiqurlar əmələ gətirir. Onların təsir gücü kiçik görünsə də, nəzarətsiz istifadəsi ağır nəticələrə səbəb ola bilir.
İlk növbədə, pirotexniki vasitələrə daha çox uşaqlar maraq göstərirlər. Azyaşlılar bu vasitələri evdə elə yerdə saxlayırlar ki, fəsadları daha ağır – öz-özünə alışmaya, partlayışa, eləcə də yanğına səbəb ola bilər. Pirotexniki vasitələrdən biri olan fişənglərin nəzarətsiz istifadəsi yanıq xəsarətləri, göz və qulaq zədələnmələri, eləcə də yanğınlara yol açır.
Unutmayaq ki, fişənglərin düzgün istifadəsi həm insanların sağlamlığını, həm də ətraf mühiti qoruyur. Uşaqlar fişənglərin təhlükəsini tam dərk etmədikləri üçün ən riskli qrup hesab olunur. Valideyn nəzarəti olmadan fişənglə oynamaq ağır xəsarətlər və hətta ölümlə nəticələnə bilər. Buna görə də uşaqlara fişənglərin oyuncaqlar olmadığı aşılanmalıdır. Odur ki, təhlükəsizlik hər zaman əyləncədən önəmlidir. Bayram sevincinin faciəyə çevrilməməsi üçün hər kəs pirotexniki vasitələrdən istifadə zamanı qaydalara əməl etməli və xüsusilə uşaqları qorumalıdır.
Hər il qeyd edilən Yeni il və Novruz bayramında pirotexniki maddələrin partlaması nəticəsində bədbəxt hadisələrin baş verdiyinin şahidi oluruq. Ötən Yeni il və bu ilin Novruz bayramında fişəng partlayışı zamanı 33 yaşlı şəxsin sol əli parçalanıb, 12 yaşlı uşağın sağ əlinin şəhadət barmağının baş hissəsi isə kəsilərək götürülüb. Bu cür hadisələr isə yüzlərlədir.
İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, pirotexniki qurğulardan, yəni fişəng, partlayıcı və s. istifadə etməyə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur. Həmin məcəllənin 517.0.7-ci maddəsinə əsasən, partlayıcı maddələrin gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına görə, fiziki şəxslər 40 manatdan 80 manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 350 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Bu günlərdə polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib. Paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 14 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb. Dekabrın 29-da Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyatlardan sonra Ramana qəsəbəsindəki Şuşa şəhərciyində gizli şəkildə pirotexnika vasitələrinin satıldığı anbar aşkar edilib. Əməliyyat zamanı pirotexniki və tezalışan maddələrin satışını təşkil edən 38 yaşlı N.Şükürov saxlanılıb. Ondan 803 qutu səs cihazı və 6372 ədəd işıq effektləri yaradan pirotexniki vasitə götürülüb. Saxlanılan şəxs barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Qeyd edək ki, ötən həftə də Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının pirotexniki vasitələrin satışının qarşısını almaq məqsədilə keçirdiyi əməliyyatlar zamanı 25 belə hal aşkar edilib. Saxlanılanlar barəsində müvafiq tədbirlər görülüb. Yeni il ərəfəsində polis əməkdaşları bu istiqamətdə işlərini davam etdirirlər.
Paytaxtda dükan sahibi Ağami Abbasov bildirir ki, iki gün öncə baş vermiş bir hadisənin şahididir. Belə ki, azyaşlı uşağın əlində pirotexniki vasitənin partlaması nəticəsində göz qişası zədələnib. Ümumiyyətlə, bu vasitələri dükan sahibləri satmaqla insanların rahatlığını pozurlar. Elə bilməyin ki, pirotexniki vasitələrdən istifadə edən təkcə uşaqlardır. Bir də görürsən ki, 20-25 yaşında bir gəncdir, cibində bütöv bir qutu gəzdirir. Özü də insanların gur gəzdiyi yerlərdə istifadə edir. Nəticədə yaşlı insanlar, hələ bunu anlamayan körpələr, hamilə qadınlar təşvişə düşür, həyəcan keçirirlər. Gecə saatlarında istifadəsi isə insanlarda narahatlıq yaradır. Bundan başqa, bir neçə il öncə toy mərasimi zamanı fişəngin düzgün istifadə edilməməsi və avtomobilin şüşəsindən salona düşməsi iki nəfərin yanıq xəsarəti alması ilə nəticələnib. Kimsə qazanc mənbəyi kimi baxsa da, uşaqlar və valideynlər bundan əziyyət çəkir, problemlə qarşılaşırlar. Bəziləri “ildə bir dəfə bayram olur” deməklə, bu barədə yanlışlığa yol verirlər. Bir valideyn kimi məni də bu məsələ narahat edir. Ciddi nəzarət mexanizmi olmalıdır. Düzdür, hüquq-mühafizə orqanlarının bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Yeni il öncəsi sosial şəbəkələrdə, televiziya kanallarında bunun bir daha şahidi oluruq.
Sözsüz ki, bununla bağlı cəmiyyətdə maarifləndirici işlər aparılmalı, əyləncədən çox, sağlamlıq üçün ciddi təhlükə olduğu izah ediməlidir.
Orxan MUSAYEV,
təhlükəsizlik eksperti
Təhlükəsizlik baxımından pirotexniki vasitələr yüksək risk daşıyan məhsullardır. Bu vasitələr qəfil partlayış, alov və güclü səs effekti yaradır. Xüsusilə uşaqlar bu riskləri düzgün qiymətləndirə bilmədikləri üçün ağır və təhlükəli vəziyyətlər yaranır. Təcrübədə ən çox rast gəlinən təhlükəli hallardan biri fişənglərin uşağın əlində partlamasıdır. Uşaq alışma vaxtını düzgün hesablaya bilmir, qorxaraq fişəngi yerə və ya ətrafdakı insanların istiqamətinə ata bilir. Nəticədə əl, barmaq və bilək nahiyəsində ağır yanıq və zədələr, bəzi hallarda isə barmaq itkisi baş verir. Digər ciddi təhlükə göz və üz nahiyəsinin zədələnməsidir.
Pirotexniki vasitə partlayarkən qığılcımlar və xırda hissəciklər ətrafa səpələnir. Bu hissəciklər birbaşa gözə dəydikdə ağır zədələr yaradır və görmə itkisinə qədər gedib çıxan nəticələr olur. Təhlükəsizlik baxımından risk yaradan hallardan biri də pirotexniki vasitələrin insanların ayağı altına atılmasıdır. Qəfil partlayış panika yaradır, insanlar instinktiv olaraq geri çəkilir, yıxılır və müxtəlif travmalar alırlar. Xüsusilə yaşlı insanlar üçün bu hallar daha təhlükəlidir. Digər mühüm təhlükə pirotexniki vasitələrin avtomobillərin yaxınlığında partladılmasıdır. Qəfil səs nəticəsində sürücünün diqqəti yayınır və bu da yol-nəqliyyat hadisələrinə səbəb olur. Eyni zamanda, qeyd etmək lazımdır ki, pirotexniki vasitələrin müxtəlif təhlükə sinifləri mövcuddur. Bu vasitələr təhlükəlilik dərəcəsinə görə siniflərə bölünür. Aşağı riskli, icazəli siniflər əsasən nəzarət altında və təhlükəsizlik qaydalarına əməl edilməklə istifadə oluna bilər. Daha yüksək riskli siniflər isə xüsusi hazırlıq, icazə və peşəkar nəzarət tələb edir və onların uşaqlar tərəfindən istifadəsi qətiyyən yolverilməzdir. Təəssüf ki, təcrübədə tez-tez rast gəlinir ki, təhlükəli və icazəsiz siniflərə aid pirotexniki vasitələr nəzarətsiz şəkildə satılır və uşaqların əlinə keçir. Bu isə ağır xəsarətlərin əsas səbəblərindən biridir.
Təhlükəsizlik baxımından yalnız qanunla icazə verilən siniflərə aid pirotexniki vasitələrdən istifadə olunmalıdır. İcazəsiz və yüksək riskli məhsulların istifadəsi ciddi təhlükə yaradır və ağır nəticələrə səbəb ola bilər. Nəticə olaraq demək olar ki, pirotexniki vasitələr uşaqlar üçün əyləncə deyil, real təhlükə mənbəyidir.
Müşfiq MİRZƏ
XQ


