2025-ci ilin sonunda 25 kilometrlik gəzinti

post-img

Bələdçim lənkəranlı şair-sürücü Ziyafət Yəhya idi. Onunla Lənkəranda Yeni il ərəfəsində təsadüfən görüşdük. “Qaz-24” markalı taksi qəfil yanımda dayandı və sürücü maşından düşərək gülə-gülə: “Lənkərana xoş gəlmisən!” - dedi. Ziyafət kişini dərhal tanıdım.

İlk görüşümüzdə özü tanışlıq verib demişdi ki, AYB-nin üzvü, Prezident mükafatçısı, “Qızıl qələm” mükafatı laureatıdır. Şair-sürücü? Doğrusu, inanmamışdım və AYB Lənkəran bölməsinin məsul əməkdaşı olan şair dostum Ağamir Cavad şübhəmi yox edəndən sonra elə həmin yay günü üçümüz Xəzərin sahilində çay süfrəsi arxasında görüşüb söhbətləşmişdik. Mənə bağışladığı “Tənhalığın nəfəsi” kitabına akademik Nizami Cəfərovun ön söz yazdığını görəndən, həqiqətən də dəyərli şeirlərini oxuyandan sonra ona hörmətim daha da artmışdı...

Bu dəfə isə yağışlı bir qış günü idi. Maşınına oturduğum şair-taksiçi ilə Lənkəranı xeyli gəzdik. Radioda hansısa mahnı oxunurdu. Amma mənim qulaqlarımda, sanki, Flora Kərimovanın ifasında ovqatımıza uyğun “Bir axşam taksidən düşüb payıza” mahnısı səslənirdi. Lənkəran yağışının “müşayiəti” də ki, bir ayrı aləm idi. Yeri gəlmişkən, Ziyafət Yəhyanın sözlərinə də bir neçə mahnı bəstələnib və Könül Kərimovanın, Cavad Rəcəbovun, Əhməd Kərimovun ifalarında el şənliklərində oxunub. Hətta yerli televiziyada onun haqqında sənədli film də çəkilib.

...Küçələrin birindən keçəndə Ziyafət kişi sağ tərəfdəki məktəbə işarə ilə dedi ki, burada oxumuşam – Həzi Aslanov adına 3 saylı tam orta məktəbdə. Sonra Bakı Politexnik Texnikumunu bitirdim. Bir ara zavodda usta işlədim. Amma taksiçilik romantikasına və poeziyaya ömürlük könül verdim. Ədəbiyyat müəllimi olan atam sevdirib mənə poeziyanı.

İlk görüşümüz zamanı eşitdiklərim bir daha yadıma düşdü. Ziyafət Yəhya “Məcməüş-şüəra” və “Fövcül-Füsəha” ədəbi məclislərinin Lənkəranda görüşü zamanı bədahətən beytləşmədə Ələkbər Şahid, Ələmdar Mahir, Mirsalam Müasir, Namiq Şəfan, Mirhaşım Müsafir, Həkim Qəni, Hacı Mail kimi ünlü imzalarla “döş-döşə gəlib” və özünün dəst-xətti ilə diqqət çəkib. Əruzun rəməl və həzəc bəhrlərində beytləri alqışlanıb.

Ziyafətdir adı Qeysin bu gün
eşqi-məhəbbətdə,
Gedib çöllü-biyabanda,
gəzib divanə axtarma.

...Lənkəran Uşaq Yaradıcılıq Mərkəzinin yanından ötdük. Ziyafət kişi şəxsi təşəbbüsü ilə burada “Ziya” adlı ədəbi məclis yaradaraq, orta məktəb şagirdləri və gənclərdən ibarət bu məclisə 10 il rəhbərlik edib. Məqsədi istedadlı uşaqlara şeiriyyətin incəliklərini öyrətmək idi.

O, heca vəznində də çox uğurlu şeirlərin müəllifidir. Poeziyada ilk “pasport”u olan “İtkin düşən harayım” və sonrakı kitabları buna dəlalət edir.

Göydə günəş adlı yanan almazı,
Yerə endirərəm, əgər istəsən.
Yığıb nəyim varsa olan-olmazı,
Sənə göndərərəm, əgər istəsən.

Xatırlayıram ki, şairin 70 yaşı münasibətilə qələm dostu Mehman Qaraxanoğlu onu belə mədh eləmişdi:

Başını sıxarsan bəzən sükana,
Hər misra üstündə yanar, yanarsan.
Mən sənə bələdəm, tələssən, yenə,
Əruz əl eyləsə, sən dayanarsan.
Şütüyüb gedərsən əruz nə desə,
Yollara tökülən saatlar, kimin?
Heca döngəsindən çıxsan əruza,
Yolların uzanar saitlər kimi...

Artıq 40 ilə yaxındır ki, Ziyafət Yəhya, bax, beləcə, öz taksisi ilə Lənkəranın küçələrini şeir səltənəti kimi gəzib-dolanır. Öz aləminə qapılır, misraları, beytləri yoğurub-yapır. Yazdıqları “Azərbaycan”, “Ulduz”, “Söz” və “Məşəl” jurnallarında dərc edilib.

...Lənkəranın rahat yolları ilə gəzintimizin sonunda şair taksisini saxlayıb dedi:

– Bax, düz 25 kilometr oldu.

Mən də bunu belə mənalandırdım:

– O deməkdir ki, əsrimizin 25-ci ilinə yekun vururuq.

Gülüşdük və birgə şəkil çəkdirərək, qarşıdan gələn ilimizin də uğurlu olması diləyi ilə sağollaşdıq.

Əli NƏCƏFXANLI
XQ



Sosial həyat