Ağstafada 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə ümumrayon bayram tədbiri yüksək əhvali-ruhiyyə və böyük coşqu ilə qeyd olunub.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən bayram mərasimində RİH başçısı Seymur Orucov bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi irsi üzərində qurulan müasir, müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyur. “Konstitusiya və Suverenlik İli” kimi əlamətdar hadisələrlə yadda qalan 2025-ci il ölkəmiz üçün mühüm uğurlar, tarixi nailiyyətlər və qələbələrlə müşayiət olundu. Dövlət başçısının 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi isə ölkəmizdə abadlıq-quruculuq prosesini yüksək səviyyəyə qaldıracaq. Rayon rəhbəri ağstafalıları bayramlar münasibətilə səmimi təbrik edib, onlara xoş arzularını çatdırıb.
Şənlikdə rayonun ictimai həyatında və müxtəlif sahələrdə fərqlənənlərə Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim edilib.
Toplantı mədəniyyət və incəsənət nümayəndələrinin, məktəblilərin rəngarəng çıxışları ilə davam etdirilib. Məclis Yeni ilin işıqlı ovqatını, birlik və həmrəylik ruhunu özündə əks etdirib.
Hamlet ZEYNALOĞLU,
XQ-nin bölgə müxbiri

