Müasir Azərbaycan tarixində milli həmrəyliyin ideoloji və institusional əsaslarının formalaşdırılması dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. Bu baxımdan Dünya Azərbaycanlılarının Qurultayları xüsusi əhəmiyyət daşıyan siyasi-ideoloji platforma kimi çıxış edir. Xüsusilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi istiqamətində tarixi dönüş nöqtəsi olmuşdur.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə çağırılan I Qurultay ilk dəfə olaraq diaspor anlayışına sistemli dövlət yanaşmasını formalaşdırdı. Qurultayadək dünya azərbaycanlılarının fəaliyyəti əsasən pərakəndə, koordinasiyasız və lokal xarakter daşıyırdı. I Qurultay bu vəziyyəti köklü şəkildə dəyişərək milli həmrəyliyi strateji dövlət siyasətinin tərkib hissəsinə çevirdi. Heydər Əliyev çıxışlarında xüsusi vurğulayırdı ki, dünya azərbaycanlılarının birliyi yalnız milli kimliyin qorunması deyil, eyni zamanda Azərbaycan dövlətinin güclənməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi deməkdir.
Qurultayda azərbaycançılıq ideologiyası milli birliyin əsas ideya sütunu kimi təqdim olundu. Bu ideologiya etnik mənsubiyyətlə yanaşı, siyasi məsuliyyət və dövlətə sədaqət anlayışlarını da özündə birləşdirirdi. Beləliklə, dünya azərbaycanlıları üçün yeni bir siyasi identiklik formalaşdı: yaşadığı ölkədən asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətinin maraqlarının daşıyıcısı kimi çıxış etməli idi.
Bu ideoloji xətt sonrakı illərdə ardıcıl şəkildə inkişaf etdirildi və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildi. 2020-ci ildə qazanılan tarixi Qarabağ Zəfəri milli həmrəyliyin real nəticəsini nümayiş etdirdi. Məhz bu Zəfərdən sonra 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı yeni bir mərhələnin başlanğıcı oldu.
Şuşada keçirilən V Qurultay təsadüfi məkan seçimi deyildi. Qarabağın mədəni paytaxtında keçirilən bu tədbir həm tarixi ədalətin bərpasının, həm də milli birlik ideyasının qələbəsinin rəmzi ifadəsi idi. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Qarabağ Zəfəri yalnız hərbi qələbə deyil, milli iradənin, siyasi qətiyyətin və xalq–dövlət birliyinin təntənəsidir. Bu Zəfərin qorunması və beynəlxalq müstəvidə düzgün təqdim olunması isə diasporun əsas vəzifələrindən biridir.
Beləliklə, I Qurultay milli həmrəyliyin ideoloji əsaslarını qoymuş, V Qurultay isə bu ideyanın qalib dövlət reallığında yeni məzmun qazandığını nümayiş etdirmişdir. Hər iki qurultay Azərbaycan dövlətçiliyinin davamlılıq prinsipini, liderlik varisliyini və milli ideologiyanın gücünü aydın şəkildə ortaya qoyur.
Bu gün dünya azərbaycanlıları artıq yalnız milli mədəniyyəti yaşadan icma deyil, dövlət maraqlarını müdafiə edən, beynəlxalq ictimai rəyə təsir göstərən mühüm siyasi faktora çevrilməkdədir. Bu transformasiya Dünya Azərbaycanlılarının Qurultayları vasitəsilə formalaşdırılmış ideoloji və institusional bazanın məntiqi nəticəsidir.
Hüseyn Məsimov,
YAP Mirəsədulla Mirqasımov küçəsi 1 (KTM PHŞ) üzrə ƏPT sədri,
“Kliniki Tibbi Mərkəz” PHŞ-in baş həkimi

