2025-ci il Azərbaycan idman tarixinə xüsusi nailiyyətlər və mühüm uğurlarla daxil oldu. Dekabrın 26-da keçirilən və ilin idman yekunlarına həsr olunan təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev iştirak etdi və çıxış edərək əldə olunan nəticələri yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev vurğuladı ki, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq arenalarda rekord göstəricilərə imza atıblar. İl ərzində 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal qazanılması ölkədə idmanın inkişafının bariz göstəricisidir. Bu nəticələr dövlət tərəfindən idman sahəsinə göstərilən davamlı diqqətin və düzgün strategiyanın məntiqi nəticəsi kimi dəyərləndirildi.
Ölkədə idman infrastrukturunun demək olar ki, sıfırdan qurulduğunu qeyd edən dövlət başçısı, regionlarda yaradılan şəraitin gənclərin idmana cəlb olunmasında mühüm rol oynadığını bildirdi. 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində iki yeni Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi ilə bu cür komplekslərin sayı 46-ya çatdı.
Çıxışında gənclərin sağlam və vətənpərvər ruhda tərbiyəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev idmanın bu prosesdə xüsusi rol oynadığını bildirdi. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda Dövlət Bayrağını yüksəltməsi xalqda qürur hissi doğurur və bu məsuliyyət idmançıların üzərinə daha böyük vəzifələr qoyur.
2025-ci il eyni zamanda Azərbaycanın beynəlxalq idman mərkəzi kimi mövqeyini daha da gücləndirdi. MDB ölkələrinin III Oyunlarının bir neçə şəhərdə, o cümlədən Xankəndidə keçirilməsi ölkənin geniş idman potensialını nümayiş etdirdi. Bundan əlavə, Bakıda ilk dəfə UFC turnirinin təşkili, Formula 1 yarışının yüksək səviyyədə keçirilməsi və Şahdağda Xizək üzrə Dünya Kubokuna hazırlıq Azərbaycanın qlobal idman xəritəsində yerini möhkəmləndirdi.
Mərasim çərçivəsində idmanın inkişafında xüsusi xidmətləri olan idmançılar və mütəxəssislər fəxri adlar, medallar, yeni mənzillər və Prezidentin fərdi təqaüdləri ilə təltif olundular. Prezident İlham Əliyev mərasimi idmançılarla səmimi söhbətlə yekunlaşdırdı və onları qarşıdan gələn Yeni il münasibətilə təbrik etdi.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının sədr müavini

