Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyən edilib

post-img

Azərbaycanda elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyən olunub.

XQ xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.

Qərara görə, "Elektroenergetika haqqında" və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni "Qaz təchizatı haqqında" qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilib. Elektrik enerjisi və təbii qaz təchizatında abonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdə tətbiq olunur. Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqi istehlakçının istifadə etdiyi elektrik enerjisi və təbii qazın həcmindən asılı olmayaraq, infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Tarif (qiymət) Şurası elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3 fazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirib.

Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib.

Dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. 

İqtisadiyyat