Son illər Samux rayonunda aparılan abadlıq və quruculuq işləri geniş vüsət alıb. Bu dəyişikliklər o qədər nəzərəçarpandır ki, “Samux hər gün dəyişir, gözəlləşir” desək, əsla yanılmarıq. Rayonun bu yeni siması təkcə yerli sakinlərin deyil, buraya yolu düşən qonaqların da diqqətindən yayınmır. Onlar heyranlıqlarını gizlətmir, xoş təəssüratlarını açıq şəkildə dilə gətirirlər.
Yeni il gecəsi Moskvadan gələn qonağımızla birlikdə Samuxun gecə gəzintisinə çıxdıq. Şəhərin işıqlar altında bərq vuran küçələri, səliqəli yolları, zövqlə salınmış park və istirahət guşələri ilk andan onda böyük maraq oyatdı. Heyrətini gizlədə bilmədi:
- “İki il əvvəl belə deyildi…” -dedi və bir anlıq susub ətrafa baxdı. Ardınca da soruşdu:
-“Yeni ilə görə belə çilçıraqlı bəzənib?”
Bu sualın cavabını sözlə demək istəmədim. Səssizcə maşınl şəhərin mərkəzindən uzaqlaşdırıb ən ucqar küçələrə tərəf sürdüm. Küçələr eyni işıq seli içində idi. Səliqə, təmizlik, asfaltlanmış yollar, müasir işıqlandırma sistemi-hər şey bir-birini tamamlayırdı. Qonağım donub qaldı. O an anladı ki, bu gözəllik təkcə bayram üçün yaradılmayıb. Bu, davamlı inkişafın, düşünülmüş quruculuğun nəticəsidir.
…Samux gecələri indi tamam başqa ovqat bəxş edir. Axşam düşən kimi şəhər sanki yeni bir həyata başlayır. İşıqların yaratdığı ahəng, səssizliyin içində hiss olunan rahatlıq insana daxili bir huzur verir. Küçələrdə gəzən insanlar, parkda dincələn ailələr, işıqlandırılmış binalar Samuxun necə dəyişdiyini sanki sübut edir.
…Bu gün Samuxun simasında baş verən bu müsbət dəyişikliklər görülən işlərin, göstərilən zəhmətin bariz nümunəsidir. Samux artıq qonaqlarını təkcə qonaqpərvərliyi ilə deyil, müasirliyi və estetik gözəlliyi ilə də qarşılayır…
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri











