Estoniyanın paytaxtı Tallində yerləşən “Lindakivi Mədəniyyət Mərkəzində” 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Estoniya Azərbaycan icması “Birlik”in təşkilatçılığı ilə bayram konserti keçirilib.
XQ xəbər verir ki, təşkilatın həmsədri Zakir Miriyev tədbirdəki çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən və xalqımız üçün daşıdığı yüksək dəyərdən bəhs edib. O, Vətəndən uzaqda soydaşlarımızın bir araya gəlməsinin verdiyi birlik və mənəvi rahatlığı xüsusi vurğulayıb.
Konsert proqramında Estoniya Musiqi Akademiyasında təhsil alan azərbaycanlı tələbələrin ifasında Azərbaycan, Estoniya və Avropa bəstəkarlarının klassik əsərləri səsləndirilib. Azərbaycanlı uşaqların musiqi və rəqs nömrələri, həmçinin azyaşlılar üçün hazırlanan hədiyyəli, əyləncəli proqram böyük maraqla qarşılanıb.






