Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində ikinci panel müzakirəsi keçirilib

post-img

Bakıda təşkil edilən Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində “İnzibati orqanların fəaliyyətində məhkəmə rolu: Təkrarlanan işlər, inzibati praktikanın yenilənməsi (dəyişdirilməsi), inzibati praktikada bərabər yanaşma və etimadın qorunması” mövzusunda ikinci panel müzakirəsi olub.

XQ xəbər verir ki, panel müzakirədə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bildirib ki, sosial mübahisələrin mümkün qədər məhkəməyə çatdırılmadan, preventiv və əsaslandırılmış şəkildə həll olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas meyarlarından biridir. Onun sözlərinə görə, son illər diqqət qərarların əsaslandırılmasına, prosedurların ilkin mərhələdə düzgün aparılmasına və inzibati izahat mexanizmlərinin gücləndirilməsinə yönəldilib. Məqsəd vətəndaşların illərlə məhkəmə proseslərini gözləməsinin qarşısını almaq və məsələlərin mümkün qədər qısa müddətdə həllini təmin etməkdir.

Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva iqtisadi münasibətlərin tənzimlənməsində rəqəmsallaşmanın, şəffaflığın və çevik hüquqi mexanizmlərin mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, iqtisadi münasibətlərin iştirakçıları, o cümlədən sahibkarlıq subyektləri özünəməxsus xarakterik xüsusiyyətlərə malikdir və bu münasibətlərin dinamikasında baş verə biləcək pozuntu və sui-istifadə hallarının qarşısının alınması üçün effektiv nəzarət mexanizmləri zəruridir.

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Güloğlan Muradlı çıxışında qeyd edib ki, ticarət dövriyyəsinin artması fonunda hüquq pozuntularının sayı da yüksəlməkdədir: "Bu halların qarşısının alınması məqsədilə DGK tərəfindən institusional və preventiv tədbirlər həyata keçirilir. Gömrük sahəsində yaranan inzibati-hüquqi mübahisələrin məhkəməyə qədər həllini təmin etmək üçün komitənin mərkəzi aparatında müvafiq icraat və struktur bölmələri yaradılıb".

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki,

son illər daşınmaz əmlakla bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi sənədlərin tamlığı və hüquqi əsasların düzgün formalaşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, məhkəmə təcrübəsində formalaşmış yanaşmaya əsasən, istismar olunan obyekt üzrə mənzil və ya qeyri-yaşayış sahəsinin tanınması üçün müvafiq hüquqi və texniki sənədlərin mövcudluğu əsas şərt hesab edilir.









Sosial həyat