Azərbaycanda ölçüləbilən internet dövrü başlayır

post-img

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) təşəbbüsü, Agentliyin həm “Ookla” şirkəti, həm də internet servis provayderləri (İSP-lər) ilə birgə koordinasiyalı fəaliyyəti çərçivəsində ölkəmizdə telekommunikasiya infrastrukturunun inkişafı istiqamətində növbəti mühüm addım atılıb.

Bu günlərdə “Aztelekom” MMC tərəfindən abunəçilərin internet sürətinin ölçülməsinin optimallaşdırılması məqsədilə şəbəkəyə əlavə 8 ədəd “Ookla sponsor” serveri inteqrasiya edilib. Bununla da operatorun müxtəlif regionlarda (Bakı, Xırdalan, Şirvan, Şamaxı, Quba, Masallı, Yevlax, Xankəndi, Gəncə və Zaqatala) yerləşən sponsor serverlərinin sayı 10-a, “Bakı Telefon Rabitəsi” MMC-nin serverləri ilə birlikdə isə 12-yə çatdırılıb.

Sponsor serverlərin sayının artırılması işləri İKTA-nın 2025-ci il üzrə internet ölçmə nəticələrinin yaxşılaşdırılması məqsədilə hazırlanmış tədbirlər planı çərçivəsində icra edilib. Tədbirlər planı internet performansının ölçülməsi infrastrukturunun gücləndirilməsi, regional ölçmə nöqtələrinin artırılması və nəticələrin daha obyektiv formalaşdırılmasını nəzərdə tutur. 

Qeyd edək ki, ötən il İKTA-nın mütəxəssisləri “Ookla” “Speedtest” serverlərinin qiymətləndirilməsini həyata keçiriblər. Monitorinqlər dövründə ümumilikdə mövcud 38 serverə baxış keçirilərək aşkarlanan nöqsanlar operator və provayderlərə təqdim edilib. Hazırda sponsor serverlərin sayı 54-dür. 

“Ookla” şirkəti “Speedtest Index” dünya üzrə internet performansını median yükləmə (download), ötürmə (upload) sürəti və gecikmə (latency) göstəriciləri əsasında formalaşdıran ən geniş istifadə olunan beynəlxalq ölçmə mexanizmlərindən biridir.

Sponsor serverlərin coğrafi olaraq genişləndirilməsi ölçmələrin istifadəçiyə daha yaxın nöqtədə aparılmasını təmin edir. Bu isə gecikmə göstəricilərinin daha real formalaşmasına, regional performansın dəqiq qiymətləndirilməsinə və statistik nəticələrin sabitliyinin artmasına şərait yaradır. Həmçinin operatorun real şəbəkə performansının beynəlxalq indekslərdə daha obyektiv əks olunmasına xidmət edir.

Qlobal təcrübədə internet xidmətlərinin keyfiyyəti artıq yalnız elan edilən sürətlə deyil, beynəlxalq ölçmə platformalarında təsdiqlənən real nəticələrlə qiymətləndirilir. Azərbaycanda da internet bazarı mərhələli şəkildə ölçüləbilən internet modelinə keçir. Bu model çərçivəsində xidmətin keyfiyyəti real vaxt ölçmələri əsasında qiymətləndirilir, nəticələr müqayisə olunur, performans dinamikası izlənilir və infrastrukturun optimallaşdırılması üçün texniki əsas formalaşır.

Bu yanaşma həm istehlakçıların məlumatlı seçim etməsinə, həm də bazarda sağlam və keyfiyyətə əsaslanan rəqabətin güclənməsinə xidmət edir.

Ölçüləbilən performans daha dayanıqlı şəbəkə, daha şəffaf bazar və daha məsuliyyətli operator modeli deməkdir.

İnternet xidmətlərinin keyfiyyətinin beynəlxalq platformalarda obyektiv əks olunması istiqamətində atılan addımlar sektorun davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Bu təşəbbüs İKTA-nın telekommunikasiya sektorunda şəffaflığın artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və istehlakçı məmnuniyyətinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi sistemli tədbirlərin tərkib hissəsidir.

XQ

İKT