Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” layihəsi həyata keçirir.
XQ xəbər verir ki, layihə çərçivəsində bu dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tədbir keçirilib.
Tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə çıxış edib.
O bildirib ki, Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə başlayıb. Layihənin müddəti 3 ayı əhatə edir. Hazırda layihə ilə bağlı icra planına uyğun təşkilatı işlər görülür:
“Layihənin əsas məqsədi Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazmış Vətən müharibəsi qəhrəmanların tanıdılması, onların göstərdiyi şücaətin gələcək nəsillərə ötürülməsi və onlarda vətənpərvərlik duyğularının gücləndirilməsidir. Eyni zamanda, bu layihə şəhid və qazilərin ailələrinə mənəvi dəstək göstərməyi və ictimai yaddaşda onların rolunun qorunub saxlanmasını hədəfləyir”.
Tədbirdə çıxış edənlər arasında ADPU-nun sosial və humanitar məsələlər üzrə direktor müavini p. f. d. Aysel Şeydayeva və Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri Eynulla Xeyrullayev də olub.
Onlar diqqətə çatdırıblar ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gənclər Mərkəzinin həyata keçirdiyi “Qalib xalqın Qəhrəmanları” layihəsi Azərbaycan xalqının Vətən müharibəsində (İkinci Qarabağ müharibəsində) göstərdiyi qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin şücaətini cəmiyyətə tanıtmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək məqsədilə həyata keçirilir.Layihə çərçivəsində və sonrakı dövrlərdə iştirakçılar tərəfindən qəhrəmanlıq göstərmiş şəxslərin həyat yolu, döyüşdəki fəaliyyətləri və xalq arasında yaratdıqları mənəvi irs geniş şəkildə işıqlandırılacaq və təbliğ olunacaq.
Tədbirin sonunda iştirakşılara bukletlər paylanılıb, yazılı köynəklər və sertifikatlar təqdim olunub.

