Möminə xatun türbəsində Əcəmi müdrikliyi

post-img

Məlum olduğu kimi bu il memarlıq tariximizin görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkir oğlu Naxçıvaninin 900 illiyi geniş şəkildə qeyd olunacaq. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti 30 dekabr 2025-ci il tarixdə müvafiq Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkardır. Onun fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olmuşdur. Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişinin aydın təzahürlərindəndir. Naxçıvan şəhərindəki ehtişamlı abidələrdən Əcəmi dühasının məhsulu olan Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi İslam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilən, misilsiz gözəlliyə malik ölməz sənət inciləridir. Əcəminin parlaq irsi məktəb rolunu oynamış, sonrakı əsrlərdə də Azərbaycan və Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərmişdir.”

Sərəncamda qeyd olunur ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illiyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə keçirilmişdir. Sevindirici haldır  ki, "Şəhərsalma və Memarlıq İli" elan olunan 2026-cı ildə də belə bir əlamətdar tədbirin keçirilməsinin şahidi olacağıq. 

Qeyd edək ki, Azərbaycan tarixən memarlıq və şəhərsalma mədəniyyəti, o cümlədən şəhərlərin yaranması baxımından Şərq sivilizasiyanın ən mühüm mərkəzlərindən biri olub. Tarixən Azərbaycan ərazisində şəhər mədəniyyətinin formalaşması ənənələri yaranıb. Naxçıvan da qədim şəhərsalma mədəniyyətinə malik tanınmış coğrafiyalardan biridir. Naxçıvan öz memarlığının inkişaf dövrünü Əcəmi memarlığı dövrü ilə özünün ən yüksək inkişaf səviyyəsinə çatıb. Nəticədə Əcəmi memarlıq məktəbinin təsiri Şərqin bir sıra bölgələrində özünü göstərib. 

Sevindirici haldır ki, Əcəmi Əbubəkr oğlunun 900 illik yubileyi həm də ölkəmizdə "Şəhərsalma və Memarlıq İli"nə təsadüf edir. Artıq ölkə başçısının müvafiq sərəncamı ilə Naxçıvan ərazisindəki memarlıq abidələrinin bərpasına başlanılıb. Bu işlərin davamı kimi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şah əsəri sayılan Möminə Xatun türbəsində də ötən ildən başlayaraq bərpa işləri həyata keçirilir. Əlbəttə ki, abidələrin bərpa olunması, onların qorunması yüksək peşəkarlıq tələb edir. Dövlətimizin yüksək qayğısı ilə bu abidələrin bərpasına xarici mütəxəssislər də cəlb olunub və bütün işlər elmi əsaslandırmalar çərçivəsində orjinallığı qorunmaqla bərpa olunur. 

Azərbaycanın orta əsr memarlıq inciləri ölkə sərhədləri daxilində, eləcə də onun hüdudlarından kənarda Yaxın və Orta Şərq regionunda böyük təsir dairəsinə malik olmuşdur. İslam dövrü memarlığının monumental nümunələri, əsasən, XII əsrlərdə özünün inkişaf zirvəsini fəth etdiyi üçün bu dövr memarlığın, eləcə də incəsənətin intibah dövrü adlandırılır. Orta əsr memarlıq sənətinin şah əsərləri Möminə xatun, Yusif Küseyir oğlu, Bərdə türbələri memarlıq şərhi, daş nəqqaşlığı, konstruktiv xüsusiyyətləri baxımından orta əsr Azərbaycan memarlığının ümumi üslub sistemini formalaşdırmışdır.

Qeyd edək ki, XII əsrin əvvəllərində Naxçıvan şəhərinin qüdrətli Atabəylər dövlətinin paytaxtına çevrilməsi ilə onun əhəmiyyəti də artır, burada sənətkarlıq və inşaat xeyli genişlənir. Yerli ənənələrin ümumi Azərbaycan memarlığına xas cəhətlərlə birləşməsinin bariz siması kimi yeni memarlıq məktəbi yaranır. Qısa müddət ərzində Naxçıvan sənətkarları qarşıda duran memarlıq-inşaat problemlərini müvəffəqiyyətlə həll edərək Azərbaycan memarlığının ən yüksək zirvələrini təşkil edən əsərlər yaratmağa nail olur və Yaxın Şərq ölkələri memarlığında ön mövqedə durur. Bu sırada Memar Əcəmi yaradıcılığı xüsusilə seçilir və bir çox Azərbaycan və dünya memarlarının yaradıcılığı üçün ilham mənbəyinə çevrilir. Təsadüfi deyil ki, Əcəmi Əbubəkr oğlu Naxçıvani Yaxın və Orta Şərqin dahi memarı kimi şöhrət qazanmış, “şeyx-ül-mühəndis” (mühəndislərin başçısı) ləqəbini almışdır. Onun şah əsəri sayılan Möminə xatun türbəsi görünüşü, zəngin memarlıq elementləri ilə bu gün də ziyarətçilərini heyran edir. Atabəylər Memarlıq Kompleksi abidələri sırasına daxil olan bu türbədə memar Əcəminin mühəndislik bacarığı və müdrikliyi aydın duyulur.

Qeyd edək ki, XII əsrdə Azərbaycanda hakimiyyətdə olan Atabəylər (Eldənizlər) dövlətinin diplomat qadınlarından sayılan Möminə xatunun şərəfinə tikilən abidənin inşası Şəmsəddin Eldənizin vəfatından sonra oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən başa çatdırılıb. 1186-cı ildə Şərqdə ilk dəfə qadının şərəfinə ucaldılan abidə anaya, qadına hörmət və ehtiramın ifadəsi kimi bu gün də Naxçıvana gələn xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanır. Çox zərif və yüksək bədii təfəkkür məhsulu olan abidənin üzərindəki naxışlar qadın ucalığını, qadın möhtəşəmliyini, zərafətini daşıyır. Möminə xatun türbəsi təkcə Azərbaycan memarlığında deyil, ümumən İslam memarlığında ən uca və incə kompozisiyası ilə seçilən uzunömürlü türbələrdən biri hesab edilir. Bu abidədə təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühasını nümayiş etdirir. Abidənin yuxarı hissəsində yazılan “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar” beyti isə onu göstərir ki, mədəniyyətimizdə Möminə xatun kimi heç vaxt köhnəlməyən, öz varlığı ilə yerləşdiyi bölgəni tanıdan, şöhrətləndirən abidələr insanların yaddaşında və tarixdə həmişə qalacaq.

Ümummilli Lider Heydər Əliyev milli memarlığımızın bu möhtəşəm abidəsini 1999-cu il oktyabrın 14-də ziyarəti zamanı demişdir: "Bu abidənin qiyməti yoxdur. Möminə xatun türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər bizim üçün bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir". 

Bu əhəmiyyətli memarlıq nümunəsi tariximizi təsdiq edən bir abidə kimi Atabəylər dövlətinin və Azərbaycanın XII əsrdəki dövlətçilik tədqiqinə, öyrənilməsinə geniş imkanlar açıb. 

Bəli, Azərbaycan memarlığında möhtəşəm iz qoyan Əcəmi Naxçıvani irsi ölməzdir. Dahi memarın 900 illik yubileyinin bu il YUNESCO çərçivəsində qeyd olunacaq tədbirlər siyahısına daxil edilməsi isə bir daha hər kəsin diqqətini bu şah əsərin üzərində toplayır. Bu həm də ona imkan verir ki, Əcəmi yaradıcılığı, bu yaradıcılığın memarlıq və şəhər mədəniyyətimizdə yeri bir daha tədqiq və təbliğ olunsun. 

Rəhim RƏHİMOV
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma 
Altında Muzey Kompleksinin direktoru

Sosial həyat