Fevralın 23-də İtaliya Senatında Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı – 34 il sonra. Anma və ədalət barışıq yolunda” mövzusunda konfrans keçirilib.
XQ xəbər verir ki, tədbir İtaliya Senatının Xarici işlər və Avropa İttifaqı Komitəsinin üzvü Rafael De Rozanın təşəbbüsü ilə təşkil olunub.
Xocalıda baş verən faciənin unudulmasının mümkün olmadığını bildirən senator Marko Skurria vurğulayıb ki, bununla yanaşı, sülh və qardaşlıq üfüqləri haqqında düşünmək üçün cəsarət göstərmək vacibdir və regionda sülhə nail olunduqdan sonra daha yaxşı gələcəyin qurulması əsas vəzifəyə çevrilir.
İtaliya–Asiya İnstitutunun vitse-prezidenti Serco Divina və professor Antonello Fulko Biagini uzun illər ərzində Azərbaycanın nifrətdən daha çox dialoqa üstünlük verdiyini, sülhə və əməkdaşlığa yönəlmiş mövqe nümayiş etdirdiyini diqqətə çatdırıblar.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı soyqırımı qurbanlarının əbədi olaraq anılacağını bildirib. O Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından da bəhs edərək, belə cinayətlərin bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyini qeyd edib. Diplomat bu gün Qarabağda, Xocalıda aparılan genişmiqyaslı yenidənqurma işlərindən danışıb, artıq çox sayda sakinin doğma yurdlarına qayıtdığını bildirib.
Tədbirin sonunda Xocalı soyqırımının faciəli nəticələrini və hazırda həmin ərazilərə həyatın qayıdışını əks etdirən videoçarx nümayiş olunub.






