Sağlam dişlər gümrahlığa və gözəlliyə qapı açır

post-img

6 Mart Beynəlxalq Stomatoloq Günüdür

Ağız və diş sağlamlığının qorunması insan həyatında önəmli məsələdir. Bu sahədə çalışan stomatoloqlar cəmiyyətin sağlam gələcəyi üçün mühüm missiya daşıyırlar. Elə buna görə də hər il 6 Mart Beynəlxalq Stomatoloq Günü dünyada bu peşənin əhəmiyyətini vurğulamaq və diş sağlamlığına diqqəti artırmaq məqsədilə qeyd olunur.

Bu tarix təsadüfi seçilməyib. Stomatologiya tarixində mühüm hadisələrdən biri məhz 1790-cı il martın 6-da ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun şəxsi diş həkimi Con Qrinvud tərəfindən stomatoloji bor kəşf edilib. Yeni ixtira ayaqla hərəkətə gətirilən iri bormaşın olub. Həmin stomatoloji alətin köməyi ilə Qrinvud tərəfindən Corc Vaşinqton üçün protez diş hazırlanıb. Ən maraqlısı odur ki, cihazın hərəkətə gətirilməsində Qrinvud öz anasına aid cəhrənin təkərindən istifadə edib. Bu yenilik sonralar stomatologiyanın inkişafında mühüm mərhələ sayılıb və müasir diş müalicəsinin əsasını qoyan addımlardan biri kimi tarixə düşüb. Elektrik bormaşın isə həmin ixtiradan bir əsr sonra, 1907-ci ildə istifadəyə verilib.

Stomatologiya, ümumiyyətlə, çox qədim köklərə malik tibb sahələrindən biridir. Alimlərin araşdırmalarına görə, təxminən 7 min il əvvəl insanlar diş ağrısını azaltmaq üçün primitiv alətlərdən istifadə ediblər. Qədim sivilizasiyalarda diş problemləri müxtəlif üsullarla müalicə olunmağa çalışılırdı. Məsələn, qədim Misirdə diş ağrısının səbəbi kimi bəzən mistik amillər göstərilir, təbii qarışıqlar və müxtəlif vasitələrdən istifadə edilirdi.

Maraqlı faktlardan biri də ilk diş fırçalarının XV əsrdə Çində hazırlanmasıdır. Bambuk saplı və heyvan tüklərindən hazırlanan bu vasitələr dişlərin təmizlənməsi üçün istifadə olunurdu. Müasir diş fırçalarının geniş yayılması isə XX əsrdə sintetik materialların tətbiqindən sonra mümkün oldu. Bu gün isə stomatologiya sahəsində texnologiyalar sürətlə inkişaf edir, lazer müalicəsi, rəqəmsal diaqnostika və estetik stomatologiya kimi yeniliklər insanlara daha rahat və effektiv müalicə imkanı yaradır.

Statistik məlumatlara görə, dünya əhalisinin böyük əksəriyyəti həyatının müəyyən dövründə diş çürüməsi problemi ilə qarşılaşır. Bu isə diş sağlamlığının qorunmasının nə qədər vacib olduğunu bir daha göstərir.

Mövzu ilə bağlı Bakının Yasamal rayonunda yerləşən “FN dental” klinikasının stomatoloqu, gənc və savadlı həkim Fərid Həsrətli bildirir ki, xüsusilə son illərdə uşaqlarda erkən yaşlarda diş çürüməsi halları daha çox müşahidə olunur: “Uşaqlarda erkən yaşlarda diş çürüməsinin əsas səbəblərindən biri şirniyyatların və qazlı içkilərin həddindən artıq istifadəsi, eləcə də ağız gigiyenasına lazımi diqqətin yetirilməməsidir. Bəzən valideynlər süd dişlərini müvəqqəti hesab etdikləri üçün onların müalicəsini vacib saymırlar. Halbuki süd dişlərinin vaxtından əvvəl çürüməsi və itirilməsi gələcəkdə daimi dişlərin düzgün formalaşmasına mənfi təsir göstərə bilər.

Diş sağlamlığının qorunması üçün uşaqlara erkən yaşlardan düzgün gigiyena vərdişləri öyrədilməlidir. Gündə iki dəfə dişləri fırçalamaq, şəkərli qidaların qəbulunu məhdudlaşdırmaq və ildə ən azı iki dəfə stomatoloq müayinəsindən keçmək bu problemlərin qarşısını almaqda mühüm rol oynayır”.

Həkimin sözlərinə görə, müasir stomatologiyada profilaktika xüsusi əhəmiyyət daşıyır. Çünki diş problemlərinin erkən mərhələdə aşkarlanması onların daha asan və ağrısız müalicəsinə imkan yaradır.

Stomatoloq onu da bildirdi ki, insanın diş minasının bədəndə ən möhkəm toxuma olduğu elmi şəkildə sübut edilib. Lakin düzgün qulluq edilmədikdə bu möhkəm qat belə zədələnə bilər. Buna görə də ağız gigiyenasına gündəlik diqqət yetirilməsi vacibdir.

Sağlam dişlər yalnız tibbi məsələ deyil, həm də sosial həyatın mühüm hissəsidir. İnsanların ilk ünsiyyəti zamanı diqqətçəkən amillərdən biri məhz təbəssümdür. Səliqəli və sağlam dişlər isə insanın özünəinamını artırır və ünsiyyətdə müsbət təəssürat yaradır.

Bəli, stomatologiya tibbin mühüm sahələrindən biridir. Bəşəriyyətin yalnız kiçik bir hissəsi xəstə diş, xəstə diş əti, ağız boşluğu ilə əlaqədar problemlərdən yan keçir. Yer kürəsi əhalisinin böyük bir hissəsi ömründə ən azı bir dəfə də olsun, nə vaxtsa stomatoloq kreslosunda oturaraq dişlərini müalicə etdirməyə məcbur olur.

Beynəlxalq Stomatoloq Günü hər birimiz üçün vacib bir mesajdır: sağlam həyat kiçik vərdişlərdən başlayır. Dişlərimizə ayırdığımız bir neçə dəqiqəlik gündəlik qayğı uzun illər sağlam təbəssümün qorunmasına xidmət edə bilər. Çünki sağlam təbəssüm yalnız gözəllik deyil, həm də sağlam həyatın mühüm göstəricisidir.

Nurəngiz ADİLQIZI
XQ

Sosial həyat