Xocalı və Xocavənddə növbəti qayıdış sevinci

post-img

Xanabad kəndi və Qırmızı Bazar qəsəbəsi də doğma sakinlərinə qovuşdu

Martın 11-də Xocalı və Xocavənd rayonlarında növbəti qayıdış sevinci yaşanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu mərhələdə 103 nəfərdən ibarət 21 ailə Xocalının Xanabad kəndinə, 81 nəfərdən ibarət 20 ailə isə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə köçürülüb.

Xanabadın yeni sakinlərinə evlərinin açarları Xocalı şəhərində təqdim olunub. Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev keçmiş məcburi köçkünləri təbrik edərək bildirib ki, azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri günbəgün sürətlənir.

İşğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məntəqələrinin salındığını, müasir infrastrukturun yaradıldığını qeyd edən M.Əfəndiyev, həmçinin vurğulayıb ki, Xanabad kəndinə köçürülən ailələr üçün bərpa edilmiş fərdi yaşayış evləri də bütün zəruri kommunal xidmətlərlə təmin olunub, kəndə daimi elektrik enerjisi, içməli su, təbii qaz və internet verilir.

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçən ailələrə açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, qəsəbə sakinləri iştirak ediblər.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən hər iki yaşayış məntəqəsində yeni sakinlərə mina və partlamamış hərbi sursatların təhlükəsi barədə ətraflı məlumat verilib.

Doğma yurdlarına qayıdan sakinlər isə yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, uzun illərdən sonra ata-baba torpaqlarına qovuşmağın sevincini yaşadıqlarını qeyd ediblər. Onlar, eyni zamanda, xalqımıza tarixi qələbələr bəxş edən, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın əziz xatirəsini ehtiramla anıb, hər birinə Allahdan rəhmət diləyiblər, döyüşlərdə şücaət göstərən qazilərimizə cansağlığı arzulayıblar.

Qeyd edək ki, Xocalı və Xocavəndə qayıdışı təmin edilmiş keçmiş məcburi köçkünlər əsasən respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Sosial həyat