Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində VII elmi-praktiki konfransı keçiriləcək

post-img

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə 13 mart 2026-cı il tarixində Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində Azərbaycan Qlaukomatoloqlarının VII elmi-praktiki konfransı keçiriləcək.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən aldığımız xəbərdə bildirilir ki, konfransın keçirilməsində əsas məqsəd qlaukoma xəstəliyinin müasir diaqnostika və müalicə üsullarının müzakirəsi, bu sahədə əldə olunan son elmi nailiyyətlərin paylaşılması, həmçinin müxtəlif ölkələrdən olan mütəxəssislər arasında elmi və praktiki təcrübə mübadiləsinin aparılmasıdır. Tədbir çərçivəsində qlaukomanın erkən diaqnostikası, müasir müalicə üsulları, yeni texnologiyaların tətbiqi və oftalmologiya sahəsində innovativ yanaşmalar geniş müzakirə olunacaq.

Açılış nitqini Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Elmar Qasımov edəcək.

Konfrans moderatorlar – tibb elmləri doktorları Nizami Bağırov, dosent Hicran Namazova, professor Dr. Ümit Ekşioğlu, tibb üzrə fəlsəfə doktorları– Aybəniz Əhmədova, Səbinə Məcidova, Nigar Həsənova, Lalə Axundova, Fərəh Abduləliyeva, Mətanət Əfəndiyeva, həkimlər–  Sevda Hümbətova, Lalə Məmmədova, Məhərrəm Pirmətov, Emin Əlihüseynli, Günay Rüstəmbəyova  tərəfindən həyata keçiriləcək.

Mərkəzdən aldığımız xəbərdə, həmçinin deyilir ki, konfrans çərçivəsində qlaukoma sahəsində aktual mövzulara həsr olunmuş elmi məruzələr təqdim olunacaq. Bu məruzələr sırasında “Qlaukomada yeniliklər”, “Fərqli yaş qruplarında göz daxili təzyiqin yüksəlməsinin mümkün səbəblərinin müəyyən edilməsi”, “Süni intellekt və qlaukoma”, “Refraktiv cərrahi əməliyyatlardan sonrakı qlaukoma”, “Vitrektomizə olunmuş pasiyentlərdə pars plana Baerveldt şuntunun implantasiyası: cərrahi nüanslar”, “PRK, LASİK və Femto-LASİK əməliyyatlarından sonra steroid mənşəli oftalmohipertenziya”, “Pars plana vitrektomiyadan sonra müxtəlif növ tamponadalar zamanı torlu qişanın qanqlioz hüceyrə layı qalınlığının dəyişikliklərinin dinamikası” və digər mövzular yer alacaq.

Konfransda Azərbaycanla yanaşı Türkiyə, Hindistan, İsveçrə, Böyük Britaniya, Sinqapur və Rusiya Federasiyasından olan mütəxəssislər iştirak edəcək, həmçinin bəzi məruzəçilər tədbirə Zoom platforması vasitəsilə onlayn qoşulacaqlar.

Konfrans oftalmologiya sahəsində çalışan mütəxəssislər üçün yeni elmi biliklərin əldə edilməsi, müasir tibbi texnologiyalarla tanışlıq və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platforma rolunu oynayacaq.

Z.BƏŞİRQIZI
XQ

Səhiyyə