Uğurlu nəticələr üçün nə etməli?
2 aprel Ümumdünya Autizm Maarifləndirmə Günü kimi qeyd edilir. Bütövlükdə aprel ayı beynəlxalq miqyasda bu problemlə bağlı bilgiləndirmə ayı kimi də götürülə bilər. “Dünya Autizm Maarifləndirmə ayı” çərçivəsində də müxtəlif miqyaslı və formatlı tədbirlərin keçirildiyi məlumdur. Deməli, bilgiyə və maarifləndirməyə isə ehtiyac böyükdür. Hətta, son dərəcə böyük.
Ondan başlayaq ki, autizmli uşaqların fərqliliyi cəmiyyətdə adətən yanlış interpretasiya olunur və onların inkişaf potensialları düzgün qiymətləndirilmir. Nəzərə alınmır ki, bu inkişaf üçün ən önəmli addım erkən müdaxilə, uyğunlaşdırılmış mühit və sistemli dəstəkdir.
Amma autizmli uşaqlara dəstək yalnız təlimlə məhdudlaşmamalıdır. Burada ailə, təhsil müəssisəsi və bütövlükdə cəmiyyətin yanaşması həlledicidir. Bəs nə edilməlidir? Cavab sadədir. İnklüziv təhsil mühitinin, fərdiləşdirilmiş təlim strategiyalarının və pedaqoji yanaşmaların tətbiqi mütləqdir. Çünki sadaladıqlarımızın autizmli uşaqların inkişafına birbaşa təsiri var.
Ümumən, maarifləndirmə autizmin dərki prosesinin əsas sütunlarındandır. Cəmiyyət problemi daha yaxşı anladıqca, qəlibləşmiş stereotiplər azalır və empatiya artır. Bu isə uşaqların sosial inteqrasiyasını asanlaşdırır. Məsələn, uşağın davranışını tənqid etmək, "dəcəldir", "tərbiyəsizdir", "inadkardır", "xarakteri pisdir" demək əvəzinə, onun ehtiyaclarını anlamaq həm emosional vəziyyətinə, həm də inkişafına müsbət təsir göstərir.
Eyni zamanda, müəllimlərin sahə üzrə hazırlığı böyük əhəmiyyət daşıyır. İnklüziv siniflərdə çalışan müəllimlərin autizmə dair bilik və bacarıqlara sahiblənmələri, müvafiq təlim strategiyasını seçmələri tədrisin keyfiyyətini yüksəldir. Əslində, bu yanaşma yalnız autizmli uşaqlar deyil, sinifdəki bütün şagirdlər üçün faydalıdır. Çünki fərqliliklərin qəbul olunduğu mühit daha sağlam öyrənməyə şərait yaradır. Elə isə digər məqama keçid alaq.
Qeyd edək ki, autizmli uşaqların potensialları erkən müdaxilə, doğru dəstək və strukturlaşdırılmış şəraitdə üzə çıxır. Bunun kəşfi, inkişaf etdirilməsi isə fərdi yanaşma və dəstəklə mümkündür. Yəni, mərhələli şəkildə, əvvəlcə autizmin fərqli inkişaf yolu mahiyyəti dərk edilməli, sonra onu anlamaq və dəstəkləmək cəmiyyətin sosial məsuliyyəti qismində əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, fərqli beyinlər fərqli yollarla inkişafa çatsa da, erkən müdaxilə və doğru yanaşma ilə hər bir yol uğurlu nəticələrə aparır.
Samirə Həsənova,
Azərbaycan Dillər Universitetinin
Psixologiya və Pedaqogika kafedrasının baş müəllimi,
Pedaqogika üzrə fəlsəfə doktoru

