Azərbaycan tarixində ilk dəfə olaraq 6 ali təhsil müəssisəmiz dünyanın TOP 1000 ən yaxşı universiteti sırasına daxil edilib. Yeni açıqlanan “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə Azərbaycan universitetlərinin sayı 9-a yüksəlib. Onlardanaltı universitetimiz isə ilk dəfə sözügedən beynəlxalq reytinqə düşüb.
Ən yüksək nəticə əldə edən Bakı Dövlət Universiteti 688-ci mövqeyə yüksəlib. Azərbaycan Dövlət İqtisad Universiteti (801-850) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (851-900) mövqeyi ötən ilə nisbətən əhəmiyyətli dərəcədə yüksəlib. İlk dəfə olaraq Azərbaycan Texniki Universiteti (851-900), Bakı Mühəndislik Universiteti (901-950) və Xəzər Universiteti (951-1000) reytinqin TOP 1000-də qərarlaşıb. Azərbaycan Memarlıq və İnşaat Universiteti (1001-1200), Sumqayıt Dövlət Universiteti (1001-1200) və ADA Universiteti (1201-1400 ) də qlobal reytinqə ilk dəfə daxil olub.
Qeyd edək ki, “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə yeni daxil olan universitetlərin sayına görə Azərbaycan təmsil olunan 106 ölkə arasında 2-ci sıradadır. “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Müəllim-tələbə nisbəti”, “Əcnəbi müəllim payı”, “Əcnəbi tələbə payı” və “Məşğulluq nəticələri” indikatorları üzrə Azərbaycan universitetlərinin göstəricilərində müsbət dinamika müşahidə olunur.
Sözügedən beynəlxalq reytinqin nəticələrinə görə ölkəmiz Cənubi Qafqaz regionunda liderdir. Azərbaycandan reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən reytinqə daxil olan universitetlərin toplam sayından 3 dəfə çoxdur.
Əqli Mülkiyyət Agentliyi ölkəmizin əldə etdiyi bu nailiyyət münasibətilə Elm və Təhsil Nazirliyini təbrik edir, daha böyük uğurlar arzulayır.