Bu gün keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində fizika fənnini tədris edən ana və qızı yüksək nəticə əldə edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, informatika fənni üzrə Xaçmaz rayonu üzrə ən yüksək nəticəni şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Xanım Məmmədəliyeva qazanıb. X.Məmmədəliyeva imtahandan 58 bal toplayıb.
Onun anası Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin fizika müəllimi Nailə Arzumanova da imtahanda 55 bal yığaraq yüksək nəticə göstərib.
İyunun 18-dən başlayan sertifikatlaşdırmanın test imtahanı mərhələsinə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 1006 nəfər müəllimi cəlb olunub.
Qeyd edək ki, sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması prosedurunu tənzimləməkdən ibarətdir.