İki ingilis alimi 19-cu əsrdə az qala kosmosa uçacaqmış. Bu cəsur elm adamları atmosferin yuxarı hissəsində ölümdən möcüzəli şəkildə xilas olublar.
Meteoroloq Ceyms Qleyşer və aeronavt Henri Koksuell elmi məqsədlər üçün hava şarında maksimum hündürlüyə qalxıblar. Onlar yer üzündə meteoroloji vəziyyətə hansı atmosfer amillərinin təsir etdiyini öyrənəcəkmişlər. Təxminən, 9 min metr hündürlükdə Qleyşer huşunu itirib. Koksuell də özünü pis hiss etdiyinə görə, böyük çətinliklə hidrogenin bir hissəsini buraxmaq və balonu yerə endirmək üçün manevr klapanını açıb. Ən ağır vəziyyətdə ikən tale onlardan mərhəmətini əsirgəməyib və möcüzəli şəkildə ölümdən qaça biliblər. Əks-təqdirdə şar bu cəsur insanları qaçılmaz ölümün gözlədiyi atmosferdən kənara aparacaqmış.
Güman edilir ki, aeronavtların səhhətinin pisləşməsinə soyuq və oksigen çatışmazlığı səbəb olub. O da ola bilər ki, onlar dekompressiyadan (çox tez suyun səthinə qalxdıqları halda dalğıclarda baş verən dekompressiya xəstəliyi) əziyyət çəkiblər.
Bu hadisə aviasiya tarixinə ən təhlükəli uçuşlardan biri, insanın kosmosa ilk qalxma cəhdi kimi daxil olub. Ceyms Qleyşer 5 sentyabr 1862-ci ildə olmuş bu eksperimentdən sonra 21 uçuş da edərək hava hadisələrinin öyrənilməsində əsas rol oynayan müşahidələr aparıb. O, yağış damcılarının necə əmələ gəldiyini, küləyin sürətinin nəyə görə dəyişdiyini öyrənib.
L.QURBANOVA
XQ

