Pakistanın Sind əyalətinin Camşoro şəhərində yük maşınının qəzaya uğraması nəticəsində 13 nəfər ölüb, 20 adam yaralanıb.
İlkin məlumata görə yük maşını əyləc nasazlığı səbəbindən yoldan çıxaraq dərəyə düşüb.
Qəza nəticəsində yük maşınında olan 13 adam ölüb, 20 nəfər isə yaralanıb.
Deyilir ki, xəstəxanaya çatdırılan bəzi yaralıların vəziyyəti ağır olaraq qalır.
* * *
Son iki gün ərzində Pakistan təhlükəsizlik qüvvələrinin Hayber-Paxtunxva əyalətində həyata keçirdiyi əməliyyatlarda “Təhrik-e-Taliban Pakistan” qruplaşması ilə əlaqəsi olan 6 silahlı zərərsizləşdirilib.
Əməliyyatlar Şimali və Cənubi Vəziristan vilayətlərində - Əfqanıstanla həmsərhəd, ekstremist qrupların fəaliyyətinin mütəmadi qeydə alındığı ərazilərdə keçirilib. .
Xatırladırıq ki, Pakistanda silahlı hücumlar ən çox Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva və Bəlucistan əyalətlərində qeydə alınır.
Bu bölgələrdə etnik puştunların və bəlucların hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı qruplaşmalar fəaliyyət göstərir. Lakin praktikada mütəmadi olaraq həm təhlükəsizlik qüvvələrinə, həm də mülki şəxslərə qarşı hücumlar həyata keçirirlər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
İslamabad