Avstriyanın Qrats şəhərində yerləşən məktəblərdən birində bu gün baş vermiş silahlı insident ölkədə dərin sarsıntıya səbəb olub. “Kronen Zeitung” qəzetinin yaydığı məlumata görə, məktəbdə açılan atəş nəticəsində azı səkkiz nəfər həlak olub. Hücum edən şəxs də ölü tapılıb, lakin onun ölənlərin ümumi sayına daxil olub-olmadığı hələlik rəsmi şəkildə dəqiqləşdirilməyib.
Hadisə şahidlərinin sözlərinə görə, silahlı şəxs iki sinif otağında atəş açıb. Şahidlərdən biri 20-yə yaxın atəş səsi eşitdiyini bildirib. Qəzetin müxbiri hadisə zamanı sinif otağında şagirdləri ilə birlikdə gizlənən müəllimənin həyat yoldaşı ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, məktəbdə həyəcanlı anlar yaşanıb, bir neçə atəş səsi eşidilib və təhlükəsizlik məqsədilə siniflər bağlanıb.
Hadisənin ardından əraziyə polis və Avstriyanın elit “Kobra” xüsusi təyinatlı dəstəsi cəlb olunub. Ştiriya federal polis idarəsi atışma ilə bağlı aparılan xüsusi əməliyyatı təsdiqləyib. Məktəb binasında genişmiqyaslı axtarış və təhlükəsizlik tədbirləri davam etdirilir.
Avstriya Daxili İşlər Nazirliyi insident zamanı bir neçə nəfərin, o cümlədən hücum edən şəxsin öldüyünü bildirib. İlkin ehtimallara görə, hücum edən şəxs hadisədən sonra intihar edib.
Rəsmi qurumlar hadisənin motivləri barədə hələlik açıqlama verməsə də, araşdırmalar davam etdirilir. Hadisə ölkədə məktəblərdə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
S.ELAY
XQ