Avropa İttifaqı Rusiyanın neft gəlirlərini hədəfə alır

post-img

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 18-ci sanksiyalar paketinin əsas məqsədləri Moskvanın enerji ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq və “Şimal axını” boru kəmərinin bərpasının qarşısını almaqdan ibarətdir. Yeni sanksiyalar paketi çərçivəsində Avropa Komissiyası, həmçinin Rusiyanın Belçikada dondurulmuş 190 milyard avro məbləğində valyuta ehtiyatlarının hüquqi müdafiəsini təmin etməyə çalışır.

Bu barədə "Financial Times" nəşri məlumat yayıb. Bildirilir ki, Avropa Komissiyası yeni sanksiyalar paketini cari həftənin çərşənbə axşamı təqdim etməyi planlaşdırır. Məsələ ilə tanış mənbələrin verdiyi məlumata əsasən, təkliflər paketində Rusiya neftinin ixrac qiymətinə qoyulmuş mövcud tavanın 60 dollardan 45 dollara endirilməsi nəzərdə tutulur. Eyni zamanda, Rusiyanın enerji infrastrukturunun, o cümlədən “Şimal axını” layihələrinin istismarına qadağa tətbiq olunması təklif edilir.

Qeyd edək ki, “Şimal axını” layihəsinə qadağa ilə bağlı qərar Almaniyanın yeni kansleri Fridrix Merts və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen arasında əvvəlcədən razılaşdırılıb. Məlumata görə, son zamanlar Rusiya və ABŞ-dan olan bəzi iş adamlarının “Şimal axını-2”nin qalan xəttinin istismara verilməsi ilə bağlı danışıqlar apardıqları, habelə Almaniyanın şərq federal torpaqlarında bir sıra siyasətçilər və sənaye nümayəndələrinin “Qazprom”la alqı-satqı əməkdaşlığının yenidən bərpası mövzusunu gündəmə gətirdikləri müşahidə olunur. Bu səbəbdən, kansler Merts Moskva ilə enerji sahəsində mümkün əməkdaşlığın bərpası ilə bağlı müzakirələrin qarşısını almağa çalışır.

Aİ və ABŞ Rusiyanı sülh danışıqlarına cəlb etmək məqsədilə ona qarşı əlavə iqtisadi təzyiq tətbiq etməyə çalışır. Lakin Vaşinqtonun bu məsələ ilə bağlı yekdil mövqeyə malik olmadığı bildirilir. Belə ki, ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertslə keçirdiyi görüşdə Rusiya və Ukraynanı uşaqlara bənzədərək, “bəlkə də ayrılmamışdan əvvəl döyüşmələrinə icazə verilməlidir” fikrini səsləndirib.

Digər tərəfdən, ABŞ Senatı Rusiyadan enerji resursları idxal edən ölkələrə 500 faizlik tariflərin tətbiqi ilə bağlı qanun layihəsi hazırlayıb. Lakin hazırkı administrasiyanın sanksiyaların sərtləşdirilməsinə maraq göstərməməsi səbəbindən, son günlər senatorlar qanun layihəsinin qəbuluna dair təşəbbüslərini zəiflədiblər.

S.ELAY

XQ

Dünya