Oğuz Yabqu dövlətinin qədim Cankent yaşayış məskənində xatirə abidəsi açılıb

post-img

Qazaxıstanın Qızılorda vilayətinin Kazalı rayonunda 2023-cü ildən Astanadakı Beynəlxalq Türk Akademiyası və Qorqud Ata adına Qızılorda Universiteti ilə birgə aparılan arxeoloji tədqiqatların şərəfinə qədim Cankent yaşayış məskənində xatirə abidəsinin açılışı mərasimi keçirilib.

Həmin gün qazıntı sahəsini qorumaq üçün Türk Akademiyasının təşəbbüsü ilə tikilən qoruyucu strukturun da açılışı olub.

Cankent arxeoloji sahəsində birgə tədqiqatlara 2023-cü ildə başlanılıb. Bu tədqiqatlarda Özbəkistanın Yəhya Qulyamov adına Səmərqənd Arxeologiya İnstitutu, Qazaxıstandan Qorqud Ata Universitetinin Arxeologiya və Etnoqrafiya Araşdırma Mərkəzi və Alkey Margulan Arxeologiya İnstitutunun Astana bölməsinin mütəxəssisləri iştirak ediblər. Tədqiqatın məqsədi Cankənd arxeoloji abidəsinin elmi cəhətdən tədqiqi və mühafizəsi, o cümlədən türk xalqlarının tarixi-mədəni irsini təbliğ etmək olub.

Mərasimdə Türk Akademiyasının prezidenti Şahin Mustafayev, akademiyanın vitse-prezidenti Asxat Kesikbayev, Qorqud Ata Universitetinin prorektoru Maynur Böribayeva, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndəsi Riqa Onayeva, Qızılorda Vilayəti Mədəniyyət, Arxivlər və Sənədlər İdarəsinin rəis müavini Kuanış Canuzakov, Səmərqənd Arxeologiya İnstitutunun əməkdaşı Aysulu İsgəndərova, qazıntılara qatılan Qazaxıstan arxeoloqları, akademiklər, təcrübədə olan tələbələr, yerli əhali və mətbuat nümayəndələri iştirak edib.

Açılışda çıxış edən Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Cankəndin tarixi əhəmiyyətinə diqqət çəkərək bu şəhərin 10-cu əsrə qədər Sırdərya oğuzlarının paytaxtı olduğunu vurğulayıb. Akademik bildirib ki, Cankənd İpək Yolu üzərində strateji mövqedə yerləşdiyinə görə İdil-Ural bölgəsi ilə Məvaraünnəhr, Xəzər Xaqanlığı və Xarəzm arasında mühüm qovşaq nöqtəsinə çevrilib. Orta əsr mənbələrində Cankənd müxtəlif adlarla çəkilir. Bu adların hamısı “Yeni Şəhər” mənasını verir: Bu şəhər qədim türkcə Yengikend, ərəbcə əl-Karyet el-Hadise, farsca Deh-i Nev adlanıb. Bu adlar şəhərin bölgə tarixindəki əhəmiyyətindən xəbər verir.

2023-cü ildən qazıntılar Cankəndin mərkəzi qapısında, yaşayış massivlərində və şəhərin mərkəzində aparılır. Bu tədqiqatların məqsədi orta əsrlərdə Aşağı Seyhun (Sırdərya) hövzəsindəki şəhər yaşayış məskənlərinə aid arxeoloji tapıntıları sistemləşdirmək, təsnif etmək və şərh etməkdir. Əldə edilən məlumatlar Seyhun oğuzlarının 7-10-cu əsrlər arasında mədəni inkişaf mərhələlərini açır, Orta və Aşağı Seyhun bölgələrindəki etnik proseslər haqqında biliklərimizi xeyli zənginləşdirir.

Qazıntıların nəticələri göstərir ki, Cankənd sakinləri özünəməxsus mədəniyyətə malik olublar. Yaşayış və xidmət strukturlarının arxitekturası şəhərin məskunlaşma planı və infrastrukturu haqqında mühüm məlumat verir.

Arxeoloji tədqiqatlar Türk Akademiyasının elmi fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Hazırda Monqolustanın Nomqon vadisində Göytürk Xaqanlığı dövrünə aid abidə kompleksində qazıntılar davam edir. Bundan əlavə, Akademiya 2024-cü ildə Oğuz-Qıpçaq dövrünə aid qəbiristanlıqları araşdırmaq üçün Qazaxıstanın Manqistau vilayətinə elmi ekspedisiya təşkil edib.

Şahin Mustafayev bununla bağlı bildirib ki, Cankənd Sırdərya çayının aşağı hövzəsində yerləşir, orta əsr tarixi mənbələrində "Yengikend" adlanır, oğuz şəhərlərindən biri sayılır, 9-10-cu əsrlərdə Sırdərya Oğuz Yabqu dövlətinin paytaxtı rolunu oynayıb.

Oğuzların hökmdarı "Yabqu" qış aylarını bu şəhərdə keçirib.

Əslində, bu məkan Dədə Qorqudun və ya Qorqud Atanın vətəni hesab olunur və Səlcuq-türkman tarixinin, Böyük Səlcuq dövlətinin də başlanğıc nöqtəsidir.

Beləliklə, Azərbaycan və Türkiyə tarixi ilə bilavasitə bağlıdır. Çünki islamı qəbul edən oğuz-türkman ellərinin 11-ci yüzillikdə qərbə böyük köçü buralardan başlanıb.

3 il aparılan qazıntılar nəticəsində qədim oğuzlara aid çox maraqlı və zəngin maddi-mədəniyyət nümunələri əldə edilib. Bunlara keramika, tunc və dəmir əşyalar, şüşə məmulatları, o cümlədən, oğuzların dini görüşlərini əks etdirən qoç başı və buynuzları şəklində gildən hazırlanmış səcdəgah və s. fiqurlar daxildir. Ancaq ən dəyərli tapıntı Oğuz dövlətinə aid gümüş sikkələr olduqca nadir və maraqlı tarixi qaynaqlardır.

 

Qulu Kəngərli 

Qazaxıstan, Qızılorda vilayəti











Mədəniyyət