Ukrayna üçün hava qalxanı: Almaniya “Patriot” sistemləri almağa hazırlaşır

post-img

Almaniya hökuməti Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə ABŞ-dan Patriot zenit-raket sistemlərinin alınması ilə bağlı intensiv danışıqlar aparır. Bu barədə Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius iyulun 4-də jurnalistlərlə görüşdə bəyan edib.

“Ukraynanın hava hücumundan müdafiə ehtiyaclarının ödənilməsi üçün müxtəlif yollar mövcuddur və bu məsələlər ətrafında hazırda olduqca intensiv müzakirələr gedir,” – deyə Kornelius bildirib. O, Almaniyanın konkret olaraq hansı sayda və hansı konfiqurasiyada “Patriot” sistemləri almağı nəzərdə tutduğunu dəqiqləşdirməyib, lakin Berlində bu istiqamətdə irəliləyiş olduğu vurğulanıb.

Bu bəyanat ABŞ-ın Ukraynaya silah tədarükünü qismən dayandırması ilə bağlı qərarından sonra səsləndirilib. Vaşinqton bu addımı öz ehtiyacları ilə əsaslandırıb. Lakin ABŞ Prezidenti Donald Tramp daha sonra bildirib ki, Ukraynaya silah tədarükü davam edir, sadəcə, bu proses ABŞ-ın daxili hərbi balansını nəzərə almaqla həyata keçirilir.

Almaniyanın bu addımı Ukrayna ilə bağlı Qərb koalisiyasının yenidən konfiqurasiya edilməsinin əlaməti kimi dəyərləndirilə bilər. Vaşinqtonun prioritetlərinin dəyişməsi və silah ehtiyatlarını tənzimləməyə üstünlük verməsi fonunda Avropa İttifaqı ölkələri, xüsusən Almaniya, öz təşəbbüslərini artırmaq məcburiyyətində qalır.

Hazırda Ukraynanın ən böyük ehtiyaclarından biri Rusiya tərəfindən atılan raketlərin və pilotsuz aparatların qarşısını almaq üçün tutarlı hava hücumundan müdafiə sistemi ilə təchiz olunmaqdır. 2024-cü ilin yazında bir neçə Ukrayna şəhərinə endirilmiş raket zərbələri nəticəsində enerji infrastrukturu və mülki obyektlər ciddi ziyan görmüş, bu isə NATO ölkələrindən əlavə müdafiə texnologiyası tələbini aktuallaşdırmışdı.

“Patriot” sistemləri isə bu kontekstdə strategiyanın əsas elementi hesab olunur. ABŞ istehsalı olan bu komplekslər həm ballistik raketlərə, həm də havadan hücum vasitələrinə qarşı effektiv hesab edilir.

Almaniya Ukraynaya dəstək verməklə bərabər, həm də öz müdafiə siyasətini yenidən qurur. Berlin son illər ərzində müdafiə xərclərini artırmaq, NATO qarşısındakı öhdəliklərini yerinə yetirmək və Avropada təhlükəsizlik arxitekturasında aparıcı aktora çevrilmək istiqamətində addımlar atır. Bu, xüsusilə ABŞ-ın Avropadakı mövcudluğunu tədricən azaltmaq meyli fonunda aktuallaşır.

Berlindəki müşahidəçilər Almaniyanın “Patriot” sistemləri tədarükü ilə bağlı səylərini siyasi siqnal kimi də dəyərləndirirlər: Berlin həm ABŞ-a, həm də Rusiyaya açıq şəkildə göstərmək istəyir ki, Avropa öz təhlükəsizliyi məsələsində passiv oyunçu olmaq niyyətində deyil.

Əgər danışıqlar uğurla başa çatsa, Almaniyanın təşəbbüsü ilə Ukraynada yerləşdiriləcək yeni “Patriot” sistemləri Kiyevin hava məkanının müdafiəsini gücləndirməklə yanaşı, Qərbin Ukraynaya siyasi-mənəvi dəstəyinin davam etdiyini də göstərəcək.

Beləliklə, Almaniyanın bu qərarı Ukraynanın cəbhə xəttindən kənarda yerləşən mülki ərazilərinin qorunması, enerji infrastrukturunun sabitliyi və ümumilikdə müharibənin strateji tarazlığının saxlanması baxımından böyük əhəmiyyət daşıyır.

Səbuhi MƏMMƏDOV

XQ

Dünya