Müstəqil namizəd Ketrin Konnolli İrlandiyada keçirilmiş prezident seçkilərində qalib gəlib.
XQ xəbər verir ki, bu barədə onun rəqibi Hizer Hamfris bildirib.
"Ketrin bizim prezidentimiz olacaq. O, mənim prezidentim olacaq. Ona ən xoş arzularımı çatdırıram. Heç bir məyusluğum yoxdur", - o deyib.
1957-ci il iyulun 12-də Qoluey şəhərində anadan olan Ketrin Konnolli klinik psixoloq və hüquqşünasdır. İrlandiyalı siyasətçi daha əvvəl vəkil və Qoluey şəhərinin meri vəzifələrində çalışıb. 2016-cı ildən Nümayəndələr Palatasının üzvü, 2020-ci ildən 2024-cü ilə qədər isə Palata sədrinin müavini vəzifəsində çalışıb.
Konnolli həmrəylik, bərabərlik və ümidə əsaslanan siyasət irəli sürmək niyyətində olduğunu bildirərək İrlandiya prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlamışdı. Onun namizədliyi leyboristlər, sosial demokratlar, "Şinn Feyn" və digər müxalifət partiyaları tərəfindən dəstəklənib.

