BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trampın Qəzza zolağına beynəlxalq hərbi kontingentin yerləşdirilməsini nəzərdə tutan sülh planı ilə bağlı qətnaməni təsdiqləyib. Qətnamə Amerika prezidentinin 20 bənddən ibarət planının ikinci mərhələsinə keçidi rəsmən təsdiqləyib. Bu bəndlər arasında Qəzza ərazisinin demilitarizasiyası və keçid idarəetmə qurumlarının yaradılması üçün Beynəlxalq Sabitlik Qüvvələrinin formalaşdırılması da var.
Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü, o cümlədən Böyük Britaniya və Fransa qətnamənin lehinə səs verib. Rusiya və Çin bitərəf qalıb, lakin veto qoymaq hüququndan istifadə etməyib. Qətnamədə Fələstin dövlətinin yaradılması perspektivi də qeyd olunur. Bu müddəa ərəb dövlətlərinin təkidi ilə sənədə daxil edilib. ABŞ rəsmiləri bildiriblər ki, Beynəlxalq Sabitlik Qüvvələrinin tərkibinə bir çox ölkələrin hərbi kontingentləri daxil olacaq, lakin bu ölkələrin adları açıqlanmayıb.
Ancaq HƏMAS qətnamənin qəbul edilməsindən dərhal sonra bəyan edib ki, “sənəd Fələstin xalqının hüquq və tələblərini təmin etmir”. Qruplaşmanın “Telegram” kanalı ilə yayılan açıqlamasında deyilir: “Trampın planı Qəzza zolağına xalqımızın və onun fraksiyalarının rədd etdiyi beynəlxalq nəzarət mexanizmini sırımağa çalışır”.
Qətnamənin son variantına əsasən, Beynəlxalq Sabitlik Qüvvələrinin funksiyalarından biri də “dövlətə tabe olmayan silahlı qrupların silahlarının müddətsiz olaraq dövriyyədən çıxarılması” olacaq. Bu qrupa HƏMAS da daxildir. Bundan əlavə, onların vəzifəsi mülki əhalini və humanitar yardım yollarını qorumaq olacaq.
Qətnamə, həmçinin Qəzza ilə sərhədi olan iki ölkə - İsrail və Misirlə qarşılıqlı fəaliyyət göstərməli olan Beynəlxalq Sabitlik Qüvvələrindən əlavə, Qəzzada yeni Fələstin polisinin yaradılmasını da nəzərdə tutur. İndiyədək Qəzzadakı polis HƏMAS-a tabe idi. HƏMAS üçün bu, silahı təhvil vermək tələbinə bərabərdir. Bu tələb Trampın planında əvvəlcədən yer alırdı.
Planın birinci mərhələsi 10 oktyabr tarixində başlayıb. O zaman İsrail və HƏMAS arasında atəşkəs sazişi qüvvəyə minib və sağ qalmış israilli girovlar fələstinli məhbuslarla dəyişdirilib. BMT-də ABŞ-ın səfiri Maykl Uolts bu mərhələni “çox kövrək, ilk addım” kimi xarakterizə edib.
Beynəlxalq hərbi qüvvələrdən əlavə, Qəzzada beynəlxalq Sülh Şurası yaradılmalı və bu quruma şəxsən Donald Tramp rəhbərlik etməlidir. BMT Təhlükəsizlik Şurasının qətnaməsi Qəzzanın bərpasının maliyyələşdirilməsi mexanizmini də təsdiqləyir. Bu işə Dünya Bankının təminatı altında fəaliyyət göstərəcək xüsusi trast fondu nəzarət edəcək.
Ancaq Rusiya və Çin qətnaməni tənqid edib. Hər iki ölkə bildirib ki, sənəddə əsas mexanizmlərin necə qurulacağı aydın deyil, BMT-nin prosesdə rolu təmin olunmur və sənəddə “iki xalq üçün iki dövlət” prinsipinə sadiqlik açıq şəkildə təsbit edilməyib.
Bununla belə, Donald Tramp “Truth Social” platformasında səsvermənin nəticələrini alqışlayıb: "Bugünkü qətnamə sabit Qəzzaya doğru daha bir əhəmiyyətli addımdır. O, çiçəklənə biləcək, İsrailin təhlükəsiz yaşayışına imkan verən şərait yaradacaq!”.
Təklifdə hələ də müstəqil dövlətin yaradılması üçün müddətlər və zəmanətlər göstərilməyib və bunun Qəzzanın bərpası və hazırda İordan çayının qərb sahilinin bir hissəsini idarə edən Fələstin Muxtariyyətində (FM) islahatlar aparıldıqdan sonra mümkün olacağı qeyd edilir.
Səbuhi MƏMMƏDOV
XQ

