Tramp ABŞ neft şirkətlərini Venesuelaya sərmayə yatırmağa çağırır

post-img

Politico xəbər verir ki, ABŞ neft sənayesi illərlə Venesuelada milliləşdirilmiş və müsadirə olunmuş aktivlərini geri almağa ümid edirdi. İndi isə Tramp administrasiyası şirkətlərə bu məqsədə çatmaqda kömək təklif edir, lakin öncə Venesuelaya qayıdıb dağıdılmış neft infrastrukturuna böyük sərmayə qoymaq şərti ilə.

ABŞ-ın hərbi əməliyyatından sonra Venesuelanın neft infrastrukturu əsas müzakirə mövzusuna çevrilib. Sənaye nümayəndələri bildirirlər ki, gələcək rejim hələ də qeyri-müəyyəndir və ölkəyə investisiya qoymaq risklidir. Administrasiyanın mövqeyi belədir: “Kompensasiya və pay almaq istəyirsinizsə, Venesuelaya gəlməlisiniz.”

Donald Tramp şənbə günü televiziya çıxışında ABŞ neft şirkətlərindən milyardlarla dollar sərmayə qoymalarını gözlədiyini bildirib. O, infrastrukturun şirkətlər tərəfindən bərpa olunacağını və sonradan investisiyaların geri qaytarılacağını vurğulayıb.

Venesuelada neft infrastrukturu illərlə davam edən səhv idarəetmə və investisiya çatışmazlığı səbəbindən ağır vəziyyətə düşüb. ABŞ neft sənayesi və analitiklər isə hələ də yeni rejimin strukturu, keçid mexanizmləri və zəmanətlər barədə dəqiq məlumat almayıblar.

Sənayenin əsas narahatlıqları işçilərin və avadanlıqların təhlükəsizliyi, investisiyaların geri qaytarılması, qlobal neft qiymətləri və Venesuelanın OPEC-də rolu ilə bağlıdır. Hazırda ölkədə fəaliyyət göstərən yeganə Amerika şirkəti "Chevron" olub, o da qanuna uyğun işlədiyini və işçilərinin təhlükəsizliyini prioritet hesab etdiyini bildirir.

S.ELAY

XQ

Dünya