“Hubble”dan “Vebb”ə, ondan da gələcəyə uzanan yol
İnsanlıq tarixboyu sirli-soraqlı səmaya sonsuz maraqla baxsa da, kainatın dərinliyindən xəbər tutmaq imkanı yalnız XX əsrdə yarandı. Orbitə çıxarılan kosmik teleskoplar Yer atmosferinin məhdudiyyətlərini aradan qaldıraraq kainatın ən uzaq qatlarını müşahidə etməyə şərait yaratdı. Bu baxımdan “Hubble Space Telescope” və “James Webb Space Telescope” müasir astronomiyanın iki əsas sütunu hesab olunur.
“Hubble” və “Vebb” – rəqib yox, həmkarlar
1990-cı ildə orbitə çıxarılan “Hubble Space Telescope” insanlığın kainata baxışını kökündən dəyişdi. Yerə yaxın orbitdə yerləşən bu teleskop onilliklər ərzində qalaktikaların doğuluşunu, ulduzların həyat dövrünü və kosmosun indiyədək nəzər yetməyən qatları barədə bilgiləri Yerə ötürdü.
“Hubble” kosmik teleskopu astronomiyaya aşağıdakı əsas töhfələri verib:
– Kainatın yaşının daha dəqiq hesablanması. Hubble müşahidələri kainatın, təxminən, 13,8 milyard il yaşı olduğunu dəqiqləşdirdi;
– “Hubble Deep Field və Ultra Deep Field” görüntüləri. Minlərlə uzaq qalaktikanın eyni kadrda ilk dəfə müşahidəsi mümkün oldu;
– Qara dəliklərin mövcudluğunun güclü sübutları. Demək olar ki, bütün qalaktikaların mərkəzində superkütləvi qara dəlik olduğu təsdiqləndi;
– Ulduzların doğuluşu və ölümü proseslərinin birbaşa müşahidəsi. Planetar dumanlıqlar, supernova partlayışları ilk dəfə xırda detalları ilə çəkildi;
– Günəş sistemində dəqiq ölçmələr. Yupiterin fırtınaları, Saturnun halqaları, Marsın atmosferi barədə yeni məlumatlar əldə olundu.
Nəticədə “Hubble” kainatın “struktur xəritəsini” formalaşdırdı.
Yeni dövrün rəmzi: “Ceyms Vebb”
Texnologiya inkişaf etdikcə elmin qarşısında yeni suallar yarandı: kainatın başlanğıcında nə baş verib, ilk qalaktikalar necə formalaşıb, uzaq planetlərdə həyat üçün şərait varmı?
Bu suallara cavab axtaran teleskop 2022-ci ildə orbitə çıxarılan “James Webb Space Telescope” oldu. Yer kürəsindən, təxminən, 1,5 milyon kilometr uzaqda, Günəş–Yer sisteminin L2 nöqtəsi yaxınlığında yerləşən “Vebb” artıq Yer orbitində deyil. Bu səbəbdən onu təmir etmək mümkün deyil, lakin texniki imkanları “Hubble”dan qat-qat güclüdür.
“Vebb” əsasən infraqırmızı şüalarla işləyir. Bu isə ona kosmik tozun arxasını “görməyə”, kainatın ən qədim və ən uzaq obyektlərini müşahidə etməyə imkan verir. İlk yayımlanan şəkillər astronomiya tarixində yeni səhifə açdı: milyardlarla il əvvəl yaranmış qalaktikalar ilk dəfə bu qədər aydın görünməyə başladı.
“Ceyms Vebb” kosmik teleskopu daha dərin və daha qədim kosmosa yönəlib:
– İndiyədək müşahidə olunan ən qədim qalaktikalar;
– Böyük partlayışdan cəmi 300 – 400 milyon il sonra yaranmış obyektlər;
– Ulduz və planetlərin “doğum otaqları”;
– Kosmik tozun arxası infraqırmızı spektrdə;
– Ekzoplanet atmosferlərinin analizi;
– Su buxarı, karbon qazı, metan kimi maddələr;
– Kainatın erkən kimyəvi tərkibi;
– İlk ulduzların hansı elementləri yaratdığı;
– Qaranlıq maddə və qalaktik təkamül;
– Qalaktikaların necə böyüdüyü və formalaşdığı ilk dəfə aydın göründü və dəqiqliyi ilə öyrənildi.
Beləliklə, “Vebb” kainatın başlanğıc dövrlərinə işıq salır.
Gələcək mərhələ: Roman və yeni nəsil teleskoplar
NASA-nın növbəti böyük layihələrindən biri “Nancy Grace Roman Space Telescope” olacaq. Bu teleskop kainatın daha genişmiqyaslı xəritəsini çəkəcək, qaranlıq enerjini araşdıracaq və minlərlə yeni ekzoplanet aşkar edəcək.
Daha uzaq perspektivdə isə “LUVOIR və HabEx” kimi layihələr müzakirə olunur. Bu teleskopların əsas hədəfi Yerə bənzər planetlərin birbaşa görüntüsünü əldə etmək və kainatda həyatın izlərini tapmaqdır.
Göründüyü kimi, “Hubble kainatın miqyasını və quruluşunu, “Ceyms Vebb” isə onun başlanğıcını və dərin yaddaşını açdı. Gələcək teleskoplar isə insanlığı, bəlkə də, ən fundamental suala yaxınlaşdıracaq: kainatda təkikmi?
Bu teleskoplar, sadəcə, texniki qurğular deyil – onlar insanlığın kainatla dialoqudur.
Kainat danışır, elm isə onu dinləməyi öyrənir.
Oğuz ARİF
XQ



