ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransından sonra Slovakiya və Macarıstana səfər edəcək. Mütəxəssislərin sözlərinə görə, bu səfər göstərir ki, Vaşinqton Avropa siyasətində selektiv yanaşmaya keçir. Bu marşrut diplomatik protokolun adi davamı deyil, əksinə, ABŞ administrasiyasının Brüssellə artan fikir ayrılıqları fonunda qitə daxilində alternativ dayaqlara üstünlük verməsinin siyasi siqnalıdır. Vaşinqton faktiki olaraq “vahid Avropa” ilə deyil, öz prioritetlərinə daha uyğun gördüyü Avropa paytaxtları ilə işləməyə hazır olduğunu nümayiş etdirir.
Münxen Konfransı çərçivəsində kollektiv təhlükəsizlik və transatlantik həmrəylik ritorikası səslənsə də, dövlət katibi Marko Rubionun Bratislava və Budapeşti ayrıca dayanacaq kimi seçməsi ABŞ-ın Avropa İttifaqı rəhbərliyi ilə fundamental mübahisələr fonunda fərqli siyasi xətt yürüdən liderlərlə birbaşa koordinasiyaya üstünlük verdiyini göstərir. Slovakiyanın Baş naziri Robert Fitso və Macarıstanın Baş naziri Viktor Orban son illərdə Brüsselin enerji, Ukrayna və suverenlik məsələlərindəki kursunu açıq şəkildə tənqid edən əsas fiqurlardır. Politoloqlar Vaşinqtonun bu iki paytaxtla intensiv dialoqa getməsini transatlantik münasibətlərdə yeni balans axtarışının göstəricisi kimi xarakterizə edirlər.
Səfərin gündəliyində enerji təhlükəsizliyi xüsusi yer tutur. Avropa İttifaqının Rusiya enerji resurslarından sürətli imtina strategiyası qitədə qiymət artımları və bazar qeyri-sabitliyi ilə müşayiət olunur. Avropa Komissiyası yaşıl keçidi prioritet elan etsə də, elektrik enerjisinin yüksək və dəyişkən qiymətləri sənaye rəqabət qabiliyyətinə ciddi təzyiq yaradır. Bu şəraitdə Slovakiyanın Rusiya ilə nüvə yanacağı müqaviləsini ləğv etməmək qərarı və eyni zamanda, ABŞ-la, xüsusilə “Westinghouse” şirkəti ilə əməkdaşlığı genişləndirməsi praqmatik və çoxvektorlu enerji siyasətinin nümunəsidir. Marko Rubionun Bratislavada aparacağı danışıqların əsas xətti məhz bu praqmatizmin Vaşinqtonla strateji çərçivəyə salınması olacaq.
Macarıstan istiqaməti isə daha mürəkkəb siyasi kontekstə malikdir. Apreldə keçiriləcək parlament seçkiləri təkcə daxili siyasi rəqabət deyil, həm də Avropa İttifaqı ilə Budapeşt arasındakı uzunmüddətli qarşıdurmanın növbəti mərhələsi kimi qiymətləndirilir. Orban hökuməti Brüsselin siyasi və hüquqi mexanizmlər vasitəsilə təzyiq göstərdiyini iddia edir, Aİ strukturları isə Macarıstanda demokratik institutların vəziyyəti ilə bağlı narahatlıqlarını önə çəkir. ABŞ administrasiyasının bu həssas mərhələdə Budapeştlə yüksək səviyyəli təmasları Vaşinqtonun Orbanı regionda mühüm tərəfdaş kimi görməkdə davam etdiyini göstərir.
Macarıstanın xarici işlər naziri Peter Siyartonun Brüssel və Kiyev arasında “hökumət dəyişikliyi koalisiyası” barədə açıqlamaları seçki mühitinin nə dərəcədə siyasiləşdiyini nümayiş etdirir. O, Ukrayna müharibəsi kontekstində Avropa liderliyini tənqid edərək, münaqişənin “Avropanın öz müharibəsi” kimi təqdim olunmasını sual altına alır. Bu ritorika Orban hökumətinin suverenlik və milli maraqlar diskursunu gücləndirməyə hesablanıb. Eyni zamanda, ABŞ Nümayəndələr Palatasının komitə araşdırmasında Aİ-nin Rəqəmsal Xidmətlər Qanunu çərçivəsində seçkiöncəsi müdaxilə iddialarının səsləndirilməsi transatlantik mübahisələri daha da dərinləşdirə bilər.
Budapeştdəki seçkilər Tramp administrasiyası üçün də simvolik əhəmiyyət daşıyır. Orban Vaşinqtonla ideoloji və siyasi yaxınlığı gizlətmir, Tramp isə açıq şəkildə ona dəstəyini ifadə edir. Əgər Macarıstanda hakimiyyət dəyişikliyi baş verərsə, ABŞ- ın Avropadakı ən sadiq tərəfdaşlarından biri zəifləyə və ya kursunu dəyişə bilər. Bu baxımdan Marko Rubionun səfərini seçkiöncəsi siyasi balansın qorunmasına yönəlmiş diplomatik mesaj kimi də qiymətləndirənlər az deyil.
Beləliklə, ABŞ-ın Slovakiya və Macarıstan marşrutu seçməsi Avropa siyasətində diferensial yanaşmanın gücləndiyini göstərir. Vaşinqton Brüssellə struktur səviyyədə əməkdaşlığı davam etdirsə də, paralel olaraq qitə daxilində suverenlik və enerji praqmatizmi xəttini müdafiə edən paytaxtlarla əlaqələri dərinləşdirir. Bu, transatlantik münasibətlərin vahid blok modelindən çoxmərkəzli və maraqlar əsasında formalaşan yeni mərhələyə keçdiyini göstərir. ABŞ fərqli bir Avropa ilə işləməyi seçir – və bu seçim yaxın aylarda həm enerji siyasətində, həm də seçki proseslərində öz real nəticələrini verə bilər.
S.ELAY
XQ


