AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, tanınmış türkoloq alim Faiq Ələkbərlinin çoxcildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” adlı monoqrafiyasının II cildi “Elm və təhsil” nəşriyyatı tərəfindən yenidən nəşr olunub. Qeyd edək ki, əsərin ilk nəşri 2014-cü ildə çapdan çıxmışdı. Kitabın elmi redaktorları fəlsəfə elmləri doktorları, professor Əli Abasov və professor Əlikram Tağıyevdir.
Monoqrafiyanın bu cildində müəllif XIX–XX əsrlərdə Azərbaycanda baş verən ideoloji prosesləri iki əsas istiqamət üzrə sistemləşdirərək ilk dəfə elmi dövriyyəyə gətirir: İslam–Türk mədəniyyəti və ideologiyası xətti: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq və Rus–Avropa–Qərb mədəniyyəti və ideologiyası xətti: qərbpərəstlik, “mollanəsrəddinçilik”, milli bolşevizm–sosializm, sovet azərbaycançılığı.
Faiq Ələkbərli bu metodoloji bölgü əsasında hər iki ideoloji xəttin nümayəndələrinin XX əsr boyunca və müasir dövrdə irəli sürdükləri ideyaların fəlsəfi mahiyyətini təhlil edir. Müəllif Azərbaycan Milli İdeyası və Azərbaycan Milli İdeologiyasına tamamilə yeni fəlsəfi yanaşma təqdim edərək, bu anlayışların tarixi köklərini, müasir məzmununu və gələcək perspektivlərini dərin şəkildə izah edir.
Monoqrafiyada xüsusilə milli ideyaların çağdaş dövrdə aktuallığı, onların siyasi və mədəni transformasiyalar fonunda necə dəyişdiyi məsələsinə geniş yer verilir. Bununla yanaşı, müəllif ilk dəfə olaraq milli şüur anlayışını dini dəyərlər və vətəndaş cəmiyyəti konsepsiyaları ilə müqayisəli şəkildə təhlil edir, onların ortaq və fərqli xüsusiyyətlərini elmi əsaslarla izah edir.
XQ


