İraqın “Bağdadiyun” qəzetində şərqşünas alimin kitabı haqqında məqalə dərc olunub

post-img

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlara, görülən işlərə sərhədlərimizdən kənarda da yüksək dəyər verilməsini bu elm müəssisəsi, onun alimləri, araşdırmaları, nəşr etdirdiyi kitablar haqqında xarici ölkələrin nəşrlərində mütəmadi yazıların dərc olunması da göstərir. Bu istiqamətdə növbəti məqalə İraq Respublikasında fəaliyyət göstərən “Bağdadiyun” ("Bağdadlılar") adlı gündəlik qəzetdə işıq üzü görüb.

XQ xəbər verir ki, məqalə Şərqşünaslıq İnsitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayevin Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) təşəbbüsü və təşkilatçılığı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının qərarı əsasında 2025-ci ildə Bakıda azərbaycanca, Bağdadda isə ərəbcə nəşr olunmuş "İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)" adlı kitabına həsr olunub. 

Məqalədə E.Mustafayevin hazırladığı kitabda İraq türkman dilinin qrammatik qanunauyğunluqlarının Azərbaycan dili qrammatikası ilə müqayisəli təhlili aparılaraq tam uyğunluğu müəyyən edildiyi və türkman dilinin müstəqil qrammatikasının ilkin bazasının əsaslarının təqdim edildiyi vurğulanır.

Kitabın strukturunun açıqlandığı yazıda “Fonetika”, “Morfologiya” və “Sintaksis” başlıqlı fəsillərdə təqdim edilən materiallar barədə məlumat verilir, “Atalar sözləri” bölməsində Azərbaycan xalqı və İraq türkmanlarının istifadə etdiyi dörd yüz müştərək zərbi-məsəl və hikmətamiz kəlamın cəm edilməsinə, “Lüğət” adlı hissəsində isə İraq türkmanlarının leksik söz tərkibini müəyyən etmək məqsədilə müfəssəl izahları ilə birlikdə 1409 ümumişlək söz və söz birləşmələrinin seçilib əlavə edilməsinə diqqət çəkilir.

Məqalədə bildirilir ki, kitabın ərsəyə gəlməsi, İraq-türkman dilinin tədqiqi Azərbaycan dilinin təsir coğrafiyasının genişlənməsinə zəmin yaradacaq. Digər tərəfdən isə, İraq-türkman dilinin öyrənilməsi İraq türkmanları ilə Azərbaycan xalqı arasında elmi-mədəni və ədəbi əlaqələrin inkişaf tarixinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Qeyd edilir ki, İraq türkman dili və ədəbiyyatı ilə bağlı indiyədək istər İraqın özündə, istər Türkiyədə, istərsə də Azərbaycanda çoxsaylı araşdırmalar, kitablar və tədqiqat məqalələri yazılsa da, İraq-türkman dili qrammatikasını tam əhatə edən kitab yazılmamış, indiyədək bu sahədə irəli sürülən təşəbbüslər, türkman qrammatikasının yalnız bir qismini əhatə etmişdi.

Elm