Artemis II missiyasında istifadə oluncaq "Space Launch System" (SLS) daşıyıcısının yanacaq doldurulmasının ikinci test mərhələsi üçün geri sayım başlayıb və fevralın 20-si saat 05:30-da testə start verilib. Birinci yoxlama zamanı hidrogen sızması və digər texniki nasazlıqlar qeydə alınmışdı. Kosmik gəminin hazırlıq prosesinin canlı yayımı yanvarın 27-dən etibarən YouTube platforması üzərindən təqdim olunur.
Yanvarın 23-də NASA-nın Artemis II missiyasının ekipajı rəsmi olaraq karantinə yerləşdirilib. Astronavtlar Hyustonda yerləşən Conson Kosmik Mərkəzində xüsusi hazırlıq mərhələsinə başlayıblar və Artemis II simulyatorunda məşqlər aparırlar. Missiyada dörd astronavt - Reyd Uayzman, Kristina Kox, Ceremi Hansen və Viktor Qlover iştirak edir. Qaydalara əsasən, astronavtlar uçuşa təxminən 14 gün qalmış karantinə alınır. Bu prosedur həm sağlamlıq risklərini minimuma endirmək, həm də orqanizmin uçuş şəraitinə uyğunlaşmasını təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, 1972-ci ildə başa çatan Apollo proqramından sonra Artemis proqramı insanlı Ay uçuşlarını yenidən bərpa etməyi hədəfləyir. Baxmayaraq ki, Artemis II missiyası insanlı uçuş olacaq, lakin bu mərhələdə Ay səthinə eniş nəzərdə tutulmur. Ümumi uçuş müddəti 10 gün olacaq bu missiyanın əsas məqsədi ekipajlı uçuş zamanı bütün sistemlərin sınaqdan keçirilməsidir. Aya enişin isə növbəti missiyalarda - 2027 və ya 2028-ci ildə həyata keçirilməsi planlaşdırılır.
Astronavtlar "Space Launch System" (SLS) daşıyıcısı vasitəsilə orbitə çıxarılacaq və Orion kosmik gəmisində Ay ətrafında uçuş həyata keçirəcəklər. Orion kosmik gəmisində 2022-ci ildə baş tutmuş uçuşdan sonra bir sıra texniki təkmilləşdirmələr aparılıb ki, manevrlər daha təhlükəsiz və yumşaq şəkildə icra olunsun. Gəminin Ayın orbitində təxminən bir sutka qalması və Aya eniş üçün sistemlərin detallı yoxlanılması planlaşdırılır.
NASA-nın əsas hədəflərindən biri Ayın cənub qütbü yaxınlığında eniş etməkdir. Bunun səbəbi həmin bölgədə buz halında suyun mövcudluğu ehtimalıdır. Bu resurs gələcək uzunmüddətli missiyalar üçün strateji əhəmiyyət daşıyır.
Növbəti mərhələdə Ay orbitində Lunar Gateway stansiyasının qurulması nəzərdə tutulur. Bu stansiya gələcəkdə həm Ay missiyaları, həm də Mars istiqamətində planetlərarası uçuşlar üçün tranzit stansiya və Ayda aparılacaq layihələr üçün mərkəz rolunu oynayacaq.
XQ




