Təhlükəsizlik kəməri bir ailə faciəsinin qarşısını ala bilərdi

post-img

Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, təhlükəsizlik kəmərləri bu gün də əsas qoruyucu vasitələrdən biri hesab olunur. Dəfələrlə sübut olunub ki, təhlükəsizlik kəmərindən istifadə edən sürücü və sərnişinlər qəza hallarında kəmərdən istifadə etməyənlərə nisbətən daha az zərər çəkir.

Bu barədə DİN mətbuat xidməti məlumat yayıb. 

Ötən gün Bakı-Qazax magistralında aralarında azyaşlılar olmaqla bir ailədən iki nəfərin həyatını itirməsi, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzasının ağırlıq dərəcəsinə təsir göstərən amil məhz təhlükəsizlik kəməri olub. Belə ki, sözügedən hadisədə sərnişinlərin kəmər bağlamadıqları üçün aşan avtomobildən kənara düşməsi onların həlak olmasının və xəsarət almasının başlıca səbəblərindən biri hesab edilir. 

Qanuna əsasən, sürücü hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlərin də bu vacib tələbi yerinə yetirmələrini təmin etməlidir. Buna nail olan sürücü qanunun tələbini yerinə yetirir, gələcəkdə üzləşə biləcəyi hüquqi problemlərin qarşısını alır və ən əsası təhlükəsizliyi sığortalamış olur.

Dəyərli sürücülər!

Təhlükəsizlik kəmərləri sizi və sağlıqlarını sizə etibar edən sərnişinlərinizi həyata bağlayan bağdı. Unutmayın ki, qayda pozuntusu inzibati məsuliyyət, onun fəsadları isə bərpası mümkün olmayan itkilər doğurur.

P.ƏMİRCANOV
XQ

Hadisə