Dünya çempionatının qalibləri
Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir. Dünən bu nüfuzlu yarışda ilk qaliblər məlum olub.
Olimpiya növü olan pnevmatik tapançadan 10 metr məsafəyə atəş üzrə yarışda kişilər arasında mübarizədə həm fərdi, həm də komanda halında çinlilər üstünlüklərini nümayiş etdiriblər. Fərdi növdə qızıl medalı 244.3 xalla Çin yığmasının üzvü Boven Janq qazanıb. Gümüş medala 240.8 xal toplayan serbiyalı Damir Mikeç, bürünc medala isə 215.7 xal yığan bolqar Kiril Kirov sahib olub. Yarışın komanda növündə də ilk yeri çinlilər tutublar. Komanda növündə gümüş medala Almaniya, bürünc medala isə Hindistan komandası yiyələnib.
Komanda yarışında və fərdi yarışda qızıl medal qazanan çinli Boven Janq turnirdəki çıxışı ilə bağlı jurnalistlərə açıqlama verib. O qeyd edib ki, komanda yarışında ən yüksək xalı toplamaq üçün əllərindən gələni ediblər: “Sevinirik ki, qarşıya qoyulan hədəfə çatdıq. Qalib olduğumuz üçün xoşbəxtik. Bakıda olmaqdan məmnunluq hissi keçirirəm. Bakı çox gözəl şəhərdir. Eyni zamanda, çempionat yaxşı təşkil olunub”.
27 yaşlı idmançı fərdi yarışdakı çıxışı və ikinci yeri tutan Damir Mikeçlə arasındakı rəqabətdən də danışıb. Deyib ki, dünya çempionatında ən güclü idmançılar iştirak etdiyindən rəqabət gərgin olub. Mübarizədə isə ən vacib məsələ insanın özünə inamıdır. Bütün diqqətimi hədəfə yönəltdim və nəticədə qalib oldum”.
İdmançı Paris Olimpiadasına lisenziya qazanmağın vacib olduğunu da bildirib: “Yarışda yaxşı çıxış etməklə yanaşı, lisenziya əldə etmək də vacib idi. Fərdi nailiyyətimlə yanaşı, komandanı da fikirləşirəm. Çox şadam ki, Paris Oyunlarına vəsiqə qazandım. Olimpiya Oyunlarında yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm.
Çin komandasının digər üzvü Cunhuy Liu da yarışla bağlı fikirlərini bildirib: “Bakıya artıq ikinci dəfə səfər edirəm. İlk dəfə bu ilin may ayında paytaxtda keçirilmiş dünya kuboku yarışında iştirak etmişdim. Bakı Atıcılıq Mərkəzində idmançıların öz potensiallarından maksimum istifadə etmələri üçün hər bir şərait yaradılıb. Hər şey yüksək səviyyədə təşkil olunub. Həm bütün iştirakçılara, həm də azarkeşlərə təşəkkür edirəm”.
Dünən, həm də qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın qaliblərinin adlarına da aydınlıq gəlib.
Çin yığmasının üzvü Yianq Ranxin fərdi növdə 239.8 xalla qızıl medala yiyələnib. Gümüş medal 238.3 xal toplayan yunanıstanlı Anna Korakakiyə, bürünc medal isə 218.9 xal yığan çinli Li Xueyə çatıb.
Yarışın komanda növündə də ilk yeri çinlilər tutub və qızıl medal əldə ediblər. Komanda növündə gümüş medala Macarıstan komandası, bürünc medala İran komandası sahiblənib.
Beləliklə, yarışda “Paris-2024”ə ilk lisenziyaların sahibləri də müəyyənləşib. Belə ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə kişilər arasında yarış iştirakçılara 4 lisenziya qazandırıb. Yarışın qızıl medalçısı çinli Boven Janq, bürünc medal sahibi bolqarıstanlı Kiril Kirov ilə yanaşı, finala düşmüş, lakin qaliblər arasında olmayan İsveçrə təmsilçisi Ceyson Solari və Almaniya təmsilçisi Robin Uolter də “Paris-2024”ə lisenziya əldə ediblər.
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qadınlar arasında yarışda iştirakçılar 4 lisenziya əldə ediblər. Yarışın qızıl medalçısı çinli Yianq Ranxin, macarıstanlı Rahel Sara Fabian, vyetnamlı Trinh Tu Vinh və Cənubi Koreya təmsilçisi Kim Bomi “Paris-2024”ə lisenziya qazanıblar.
L.QURBANOVA, “Xalq qəzeti”


