Ordubad rayonunun Anaqut kəndində 1918–1920-ci illərdə erməni quldurlarına qarşı mübarizədə şəhid olan Həsən Bəşir Türkoğlunun xatirəsini əbədiləşdirmək məqsədilə bulaq-abidə inşa edilib.
Bulaq-abidənin açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli və Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya çıxış ediblər.
Bildirilib ki, 1918–1920-ci illərdə erməni daşnakları Azərbaycanın başqa bölgələrində olduğu kimi, Naxçıvanda da türk-müsəlman əhalisinə qarşı qanlı cinayətlər törədiblər. Belə dəhşətli günlərdə türk ordusu qardaş harayına yetib. Kazım Qarabəkir paşanın başçılığı altındakı IV Qafqaz ordusunun 15-ci süvari alayının tağımı yerli özünümüdafiə üzvləri ilə birlikdə kəndlərimizdə soyqırımı faciələrinin qarşısının alınmasında ölüm-dirim savaşına girib, bizimlə birlikdə şəhidlər veriblər.
Türk ordusunun belə qəhrəman zabitlərindən biri də Həsən Bəşir Türkoğludur. O, bu döyüşdə xüsusilə fərqlənib, düşmən mövqelərinin darmadağın edilməsində xüsusi qəhrəmanlıq nümayiş etdirib. Həsən Bəşir 1918-ci ildə Ordubad rayonunun Dırnıs kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və bu kənddə dəfn edilib.
“Xalq qəzeti”

