İtaliyada bayrağımız Prezidentin nəvəsinin şərəfinə qaldırıldı
Ötən həftəsonu İtaliyanın Peruca şəhərində Çin döyüş sənəti olan “Kunq Fu” üzrə XXI Dünya çempionatı və kuboku keçirilib.
“Pala Barton” arenasında təşkil edilən yarışda 100-dən çox klub və 1000-dən çox idmançı qüvvəsini sınayıb. Təşkilatçıların fikrincə, bu, tədbirin beynəlxalq miqyasını və mədəniyyətlərarası əlaqələri gücləndirən bir platforma olduğunu göstərir.
Perucadakı turnir Azərbaycan idmançısı Əminə Əliyevanın çempion titulunu qazanması ilə əlamətdar oldu. Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkə hesabındakı paylaşımda məlumat verib.
Azərbaycan Prezidenti İlham Əliyevin 11 yaşlı nəvəsi light sanda döyüş növü üzrə mübarizədə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.
Qeyd edək ki, yarışa yollanan Azərbaycan nümayəndə heyətində Arzu Əliyeva, Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov, federasiya rəsmiləri, məşqçilər və gənc idmançılar yer alıblar. Aslanov yarışın açılışında çıxış edərək Prezident İlham Əliyevin idmana verdiyi dəstəyin uğurların əsasını təşkil etdiyini vurğulayıb.
Xalq artisti, “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov sosial şəbəkə hesabında qızı Əminənin uğuru ilə bağlı paylaşıb edərək, belə yazıb: “Fəxrim, Əminəm! Bu gün sizinlə bir sevinci bölüşmək istədim. Bütün uşaqlara qələbələr, özlərinə inam və sevdikləri işlə məşğul olmaqdan həzz almalarını arzulayıram”.
Azərbaycan Kunq-Fu komandası İtaliyadan zəfərlə qayıdır
Dünən Azərbaycan Kunq-Fu Federasiyası sosial şəbəkədə yerləşdirdiyi məlumatda bildirib ki, Peruca şəhərində keçirilən dünya çempionatında light sanda növü üzrə idmançılarımız parlaq nəticələr əldə ediblər.
Qızıl medallar:
• Əminə Əliyeva (11 yaş, 38 kq)
• Rəsul Əsgərov (11–12 yaş, 36 kq)
• Hüseyn Əliyev (13–15 yaş, 48 kq)
• Toğrul Mikayılov (böyüklər, 65 kq)
• Eller Orucov (böyüklər, 75 kq)
Gümüş medallar:
• Əli Baxışov (11–12 yaş, 33 kq)
• Əkbər Əhmədzadə (13–15 yaş, 70 kq)
Komanda hesabında Azərbaycan 3-cü yerin sahibi olub! İdmançılarımızı təbrik edir, uğurlarının davamını arzulayırıq!
Azərbaycan Kunq-Fu Federasiyası da sosial şəbəkə hesabında Əminənin çempionluğunu belə təqdim edib: “Hər zərbədə iradə, hər hərəkətdə Vətən sevgisi! İtaliyanın Peruca şəhərində keçirilən Dünya çempionatında Əminə Əliyeva möhtəşəm çıxışı ilə qələbəyə imza atdı! Onun əzmkarlığı və gücü bütün Azərbaycana qürur yaşatdı! Əminə, sən təkcə döyüşmədin – sən bir millətin ruhunu ucaltdın!”
Bəli, 11 yaşlı Əminə əlində tutduğu üçrəngli bayrağımızla yanaşı, himnimizin sədalarlı altında sayğı duruşu ilə dövlətimizin adını, millətimizin qürurunu da göylərə yüksəltdi. Uğurların bol olsun, Əminə!
Rasim MÖVSÜMOV