Azərbaycan Üzgüçülük Federasiyası Gəncə şəhərində üzgüçülük üzrə təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi həm milli komandanın üzvlərini, həm də ölkəmizi 13–14 sentyabr tarixlərində keçiriləcək “ASF Ganja Cup 2025” beynəlxalq turnirində və III MDB Oyunlarında təmsil edəcək idmançıları əhatə edir.
Bu gün Gəncəyə çatan üzgüçülər Gəncə İdman Sarayının nəzdində yerləşən oteldə məskunlaşıblar. Onları şəhər rəhbərliyi və idman ictimaiyyətinin nümayəndələri qarşılayıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev və “Rövşən Oğuz Qrup” MMC-nin Baş direktoru Hafiz Mustafayev idmançılarla görüşərək onlara qarşıdan gələn yarışlarda uğurlar arzulayıblar.
Qeyd edək ki, Gəncə şəhəri bu il III MDB Oyunlarına ev sahibliyi edəcək. Yarışların açılış və bağlanış mərasimləri müvafiq olaraq 28 sentyabr və 8 oktyabr tarixlərində Gəncə Şəhər Stadionunda baş tutacaq. Üzgüçülük yarışları isə 28 sentyabr – 2 oktyabr tarixlərində Gəncə İdman Sarayında keçiriləcək.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə