Dünən futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin 2 oyunu keçirilib. Azərbaycan çempionu “Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşıb.
Şamaxı şəhər stadionunda baş tutan oyun yerli komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları meydan sahiblərindən 27 və 42-ci dəqiqələrdə Karim Rossi, ağdamlılardan isə 79-cu dəqiqədə Abdulla Zubir vurdular. Cütün qalibi yarımfinalda “Sabah” – “Qəbələ” duelinin güclüsü ilə görüşəcək.
“Turan Tovuz” isə “Azərsun Arena”da “Kəpəz”lə qarşılaşıb. Tovuzlular gəncəlilərdən üstün olub – 1:0. Bu cütdə sevinən tərəf növbəti raundda “Sumqayıt” – “Zirə” qarşılaşmasının qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, bundan əvvəl keçirilən hər iki qarşılaşma – “Sabah” – “Qəbələ” və “Sumqayıt” – “Zirə” matçı qolsuz bərabərliklə başa çatıb – 0:0.
Qabil YUSİFOĞLU
XQ

