Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Enerji təminatı məsələləri İşçi Qrupunun növbəti iclası bu gün Xankəndidə keçirilib.
İşçi Qrupun rəhbəri, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov strateji sənədlərdə energetika sahəsinə dair işğaldan azad olunmuş ərazilərimizi əhatə edən tapşırıqların icra vəziyyəti barədə məlumat verib. Ərazilərin bərpası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin tərkib hissəsi kimi enerji infrastrukturunun müasir tələblər əsasında qurulmasının prioritet təşkil etdiyi, bu istiqamətdə mərhələli və sistemli şəkildə genişmiqyaslı layihələrin icra olunduğu qeyd edilib.
İclasda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında, həmçinin işğaldan azad olunmuş digər ərazilərdə qazlaşdırılma prosesinə dair təqdimat edilib, həyata keçirilən layihələrin icra qrafiki və planlaşdırılan işlər barədə məlumat verilib. Elektrik enerjisi infrastrukturu üzrə isə kiçik su elektrik stansiyalarının, yeni yarımstansiyaların, ötürücü və paylayıcı xətlərin tikintisi, mövcud şəbəkələrin yenidən qurulması və dayanıqlı enerji təminatının yaradılması məqsədilə həyata keçirilən tədbirlər, o cümlədən “yaşıl enerji zonası” konsepsiyasına uyğun layihələrin icrası ilə bağlı görülən işlər müzakirə edilib.
Sonda müzakirə edilən məsələlərin həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.
XQ