Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın SEFE (Securing Energy for Europe) dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə 10 illik müqavilə imzalanıb. Sənədə əsasən, SOCAR tərəfindən qaz həcmləri Avropada SEFE-yə təchiz ediləcək.
Qurumdan verilən məlumata görə, llik tədarük həcmi isə mərhələli şəkildə artırılaraq 15 terevatt–saat, yəni təxminən 1,5 milyard kubmetrə çatdırılacaq. Bildirilib ki, bu əməkdaşlıq hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaları dəstəkləməklə Avropaya daha çox boru xətti qazının çatdırılmasını təmin edəcək və qitənin enerji təhlükəsizliyinə töhfə verəcək.
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf deyib: “Bu razılaşma SOCAR-ın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətindəki fəaliyyətində növbəti önəmli mərhələdir. SEFE-yə etibarlı və iri həcmdə təbii qaz təchiz etməklə biz Azərbaycan ilə Almaniya arasında mövcud tərəfdaşlığı daha da möhkəmləndiririk, Avropanın enerji şaxələndirməsi və dayanıqlı inkişaf hədəflərinə töhfə veririk. SOCAR bundan sonra da infrastruktur və hasilat üzrə layihələrə sərmayə qoyaraq tərəfdaşlarımız üçün təhlükəsiz və fasiləsiz enerji təchizatının təmin olunmasını davam etdirəcək”.
SEFE-nin baş icraçı direktoru Egbert Laege deyib: “Bu uzunmüddətli müqavilə Almaniya ilə Azərbaycan arasında mövcud olan güclü münasibətlərin bariz nümunəsidir. Bu tərəfdaşlıq sayəsində Avropaya əhəmiyyətli həcmdə təbii qaz çatdırmaq üçün yeni bir marşrut formalaşdırılır, bu isə bizim portfelimizi şaxələndirməyə və müştərilərimizin enerji təchizatının təhlükəsizliyini artırmağa xidmət edir”.