Ölkəmizə Çin yatırımı 900 milyon dollara çatıb

post-img

Çinin Azərbaycandakı səfiri Lu Mey Azərbaycan – Çin (Quandonq) İqtisadi və Ticarət Əməkdaşlığı Konfransındakı çıxışında ölkəsinin indiyədək respublikamıza 900 milyon dollar investisiya yatırdığını, Azərbaycanın Çinə qoyduğu investisiyanın məbləğinin isə 300 milyon dollar çatdığını bildirib. Səfir 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 43,3 faiz artdığını qeyd edib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev isə Azərbaycan – Çin (Quandonq) İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışında bu ölkənin respublikamızın 4-cü ən böyük ticarət tərəfdaşı olduğunu, cari ilin yanvar-aprel aylarında iki dövlət arasında ticarət dövriyyəsinin 37 faiz artaraq 1,4 milyard dolları üstələdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanın ticarət və şərab evləri artıq Çinin Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Azərbaycan Ticarət Evi Çinin məşhur e-kommersiya platforması olan “JD”ə də fəaldır. Bu mərkəzlər ikitərəfli ticari münasibətlərimizin inkişafına töhfə verirlər.

Çin şirkətləri ölkəmizdə geniş miqyasda təmsil olunurlar. Cari il may ayının 1-nə olan məlumata görə, Azərbaycanda 320-yə yaxın Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sektorlarında fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri – neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpa edilən energetikaya yönələn birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığa dair danışıqlar aparılır.

Nazir müavini daha sonra qeyd edib ki, göstərilən səylər nəticəsində Çin şirkətləri ilə sənaye, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, İKT və ipəkçilik kimi sahələrdə birgə layihələr həyata keçirilir. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır.

Ölkəmizin günəş və külək enerjisi potensialı ilə Çinin “yaşıl” texnologiyalar sahəsindəki təcrübəsi sinerji yaradaraq birgə layihələrin reallaşdırılması üçün əlverişli mühit formalaşdırıb. Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan aparıcı Çin şirkətləri ilə genişmiqyaslı günəş və külək enerjisi layihələri, enerji saxlama sistemləri və “ağıllı” şəbəkə infrastrukturunun inkişafını əhatə edən mühüm sazişlər imzalayıb. Həmçinin Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Azərbaycanla Çin şirkət və qurumları arasında bərpaolunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb.

 

 

İqtisadiyyat