Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən iyunun 13-15-də Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən XQ-ə bildirilib ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada, ümumilikdə, 20-yə yaxın regiondan 50-dən çox fermerin iştirakı gözlənilir. Üç gün müddətində saat 9-dan 19-dək təşkil olunacaq yarmarkada fermerlər 150-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda, şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır. “Kənddən şəhərə” yarmarkasında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Qeyd edək ki, satışa çıxarılacaq məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana bilərlər.