Elin bərəkəti çöldə qalmasın!

post-img

Ölkəmizdə taxıl biçininin qızğın çağıdır. İyunun 17-nə olan operativ məlumata əsasən, taxıl sahələrinin 21 faizində biçin başa çatıb. Biçin aparılmış 196 min 64 hektar sahədən 631 min 824 ton məhsul yığılıb. Hazırda ölkə taxıl üzrə orta məhsuldarlıq 32,2 sentner/hektar təşkil edir.

Biçin prosesi əsasən aran rayonlarının arpa sahələrində aparılır. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu ilin məhsulu üçün ölkə üzrə 426 min 623 hektar sahədə payızlıq arpa əkini həyata keçirilib. Hazırda əkin sahələrinin 42,5 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 32 sentner/hektar təşkil edir.

Hazırda 43 rayonda arpa biçini aparılır. Cəlilabad, Bərdə, Neftçala, Salyan və Yevlax rayonlarında isə biçin prosesi yekunlaşmaq üzrədir. Bu rayonlarda arpa sahələrinin 90 faizindən çoxu biçilib. Arpa üzrə ən yüksək məhsuldarlıq Hacıqabul (40 sentner/hektar), Bərdə (39,4 sentner/hektar), Sabirabad (38,7 sentner/hektar) və Salyan (38,4 sentner/hektar) rayonlarında qeydə alınıb. Yaxın günlərdə isə bölgələrdə buğda biçininə start veriləcək.

Nazirliyin məlumatına əsasən, iyunun 16-da taxıl biçinində 1415 kombayn iştirak edib. Onlardan 579-u “Aqroservis” ASC-nin, 836-sı isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Hazırda ən çox kombayn Cəlilabad (125), Şəki (116), Neftçala (82) və Kürdəmir (78) rayonlarının taxıl sahələrində biçin aparır.

Arpa biçininin yekunlaşmaqda olduğu və yüksək məhsuldarlıq əldə olunan rayonlardan biri də Sabirabad rayonudur. Bu il rayonda 20 min 290 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Bunun da 10 min 904 hektarını buğda, 9 min 387 hektarını isə arpa sahələri təşkil edir. Artıq rayon üzrə arpa sahələrinin 70 faizində, taxıl sahələrinin isə 2,3 faizində biçin yekunlaşıb. Rayon üzrə arpa və buğda sahələrinin orta məhsuldarlığı müvafiq olaraq 38,7 sentner/hektar və 43,4 sentner/hektar təşkil edir.

Sabirabadda biçin prosesinə, ümumilikdə, 64 kombayn cəlb olunub. Bunlardan 23-ü “Aqroservis” ASC-nin, 41-i isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Biçin növbəlilik prinsipi ilə aparılır. “Aqroservis” ASC tərəfindən tələbata uyğun olaraq biçin aparılmayan bölgələrdən Sabirabad rayonuna kombaynların dislokasiyası həyata keçirilir.

İqtisadiyyat