Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin yanvar –iyun aylarında ölkədə 62 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Məlumata görə, iqtisadiyyatın neft – qaz sektorunda əlavə dəyər 3,1 faiz azalıb, qeyri – neft – qaz sektorunda isə 3,9 faiz çoxalıb.
ÜDM istehsalının 34,9 faizi sənaye, 10,2 faizi ticarət, 7 faizi nəqliyyat, 6,3 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, 2,8 faizi turistlərin yerləşdirilməsi, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6066,1 manata çatıb.
Qeyd edək ki, hesabat dövründə ÜDM-in artımını qeyri –neft – qaz sektorunun inkişafı şərtləndirib. Başqa sözlə, respublikada artımın əsas mənbəyini qeyri –neft – qaz sektoru təşkil edib. Şübhəsiz ki, bu məsələdə xarici investisiyaların, qabaqcıl texnologiyaların və idarəetmə təcrübəsinin də rolu mühüm önəm daşıyıb. Ölkədə bərqərar olan siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici ölkələrdən birinə çevirib.