Dünya Bankı Azərbaycanın “yaşıl” tərəfdaşıdır

post-img

Maliyyə qurumu ölkəmizin təmiz enerji layihələrinə 173,5 milyon dollar kredit ayırıb

Azərbaycan Prezidenti İlham ƏLİYEV:

Biz Azərbaycan ilə Dünya Bankı arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu baxımdan ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, gerçəkləşdirdiyimiz irimiqyaslı infrastruktur layihələrinin maliyyələşdirilməsində Dünya Bankının yaxından iştirakını məmnunluqla qeyd etmək istərdim. Dünya Bankının fəaliyyət sahələri üzrə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Azərbaycan Respublikasının dövlət siyasətində enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə mübarizə prioritet istiqamətlərdən biridir. Ölkəmiz bu gün təkcə mövcud enerji ehtiyatlarına arxalanmaqla kifayətlənmir, həm də dayanıqlı gələcək naminə bərpa olunan enerji mənbələrinin inkişafına ciddi önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən “yaşıl” enerji strategiyası respublikanın yaxın illərdə Cənubi Qafqazda və bütövlükdə Avrasiya məkanında enerji keçidinin aparıcı ölkələrindən birinə çevriləcəyini göstərir. Azərbaycan 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını qarşıya önəmli vəzifə kimi qoyub. Bu hədəf sıradan bir rəqəm deyil – bu, həm beynəlxalq öhdəliklərə uyğun bir strateji mövqe, həm də enerji təhlükəsizliyinin daxili mənbələr hesabına təmin olunmasına yönələn mühüm addımdır. Çünki təmiz enerjiyə keçid nə qədər mürəkkəb proses olsa da, uzunmüddətli perspektivdə dayanıqlı iqtisadi inkişafın və ətraf mühitin qorunmasının əsas təminatçısıdır.

Hazırda ölkədə günəş və külək enerjisi sahələrində genişmiqyaslı layihələr reallaşdırılır. 2027-ci ilə qədər bərpa olunan enerji sahəsinə 2,8 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu planlaşdırılır. Bu çərçivədə 8 böyük günəş və külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Nəticədə, təxminən, 2 GVt gücündə bərpa olunan enerji istehsalı imkanlarının yaradılması nəzərdə tutulur. Bununla da Azərbaycanın enerji istehsal gücündə nəzərəçarpacaq artımın gerçəkləşdirilməsinə əlverişli yol açılır.

Qeyd edək ki, 2 GVt sadəcə texniki göstərici deyil, bu rəqəm beynəlxalq enerji şirkətləri və ekspertlər tərəfindən aparılmış təhlillər və qiymətləndirmələr əsasında müəyyənləşdirilib. Həmin rəqəm göstərir ki, Azərbaycanın enerji sistemi müasir texnoloji təkmilləşdirmələr və infrastrukturun modernləşdirilməsi nəticəsində yaxın onillikdə məhz bu qədər “yaşıl” enerjini qəbul etməyə qadir olacaq.

Yeni enerji stansiyalarının qurulması ilə yanaşı, Azərbaycanın enerji infrastrukturunun müasirləşdirilməsi də paralel şəkildə həyata keçirilir. Çünki yalnız yeni mənbələrin yaradılması kifayət etmir, həm də bu mənbələrin milli enerji sisteminə inteqrasiyası, enerji axınlarının idarə olunması, ötürmə xətlərinin gücləndirilməsi və enerji balansının tənzimlənməsi tələb olunur. Bu istiqamətdə Azərbaycan hökuməti “Azərenerji” və “Azərişıq” ASC-lər vasitəsilə irimiqyaslı yenidənqurma və rəqəmsallaşdırma proqramları həyata keçirir.

Azərbaycanın bərpa olunan enerji sahəsində irəli sürdüyü ambisiyalı planlar beynəlxalq investorların və nüfuzlu enerji şirkətlərinin diqqətindən yayınmayıb. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” kimi aparıcı şirkətləri tərəfindən ölkəmizdə külək və günəş enerjisi layihələrinə artıq sərmayə qoymaqla yanaşı, texnologiya transferi və təlim proqramları da həyata keçirilir. Bu əməkdaşlıqlar ölkənin enerji keçidinə mühüm töhfə verməklə yanaşı, qeyri – neft sektorunun inkişafında da mühüm rol oynayır.

Onu da qeyd edək ki, Azərbaycanın bu istiqamətdəki fəaliyyəti təkcə daxili bazarın tələblərinə cavab vermir, həm də regional və beynəlxalq enerji sisteminə inteqrasiya imkanlarını genişləndirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji zonası” elan olunub və bu ərazilərdə yalnız bərpa olunan mənbələrdən istifadə etməklə elektrik enerjisi istehsalı planlaşdırılır. Bu yanaşma, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası, eləcə də müasir infrastruktura əsaslanan inkişafı ilə uyğunlaşır.

Nəticə etibarilə Azərbaycanın bərpa olunan enerji sektoruna yönəltdiyi diqqət və investisiyalar təkcə iqtisadi məqsədlər daşımır. Bu, həm də ekoloji məsuliyyətin ifadəsinə, iqlim dəyişmələrinin qarşısının alınmasına verilən töhfədir. Təmiz enerjiyə keçid çətin, amma zəruri bir prosesdir və bu prosesin uğurlu icrası Azərbaycanın enerji sahəsində qlobal imicini daha da gücləndirir. 2030-cu ilə qədər enerji balansında bərpa olunan mənbələrin 30 faizlik paya çatdırılması hədəfi reallığa çevrilərsə, Azərbaycan “yaşıl” gələcəyin reallaşmasında lider ölkələrdən biri olacaq.

Bu baxımdan ölkənin ortaya qoyduğu iradə, qəbul etdiyi qərarlar və həyata keçirdiyi layihələr strateji baxımdan çox mühüm və zamanın çağırışlarına cavab verən addımlardır. Azərbaycanın “yaşıl” enerji siyasəti bu gün yalnız bugünkü deyil, sabahkı nəsillər üçün də daha təmiz, dayanıqlı və təhlükəsiz bir enerji gələcəyini təmin etməyə yönəlib.

“AzərEnerji” ASC-nin Dünya Bankı ilə həyata keçirdiyi bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi (AZURE) üzrə işlərin birinci mərhələsi yekunlaşmaq üzrədir. Adı çəkilən ASC-nin məlumatına görə, bu layihənin birinci mərhələsində “AzərEnerji”nin daxili imkanları və bir hissəsi dövlət büdcəsi hesabına ayrılan vəsaitlə tikilən yeni yarımstansiyanın və onun 330 kilovoltluq tərəfinin, o cümlədən Nəvahidən Abşerona 500 kilovotluq, “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarına 330 kilovoltluq ötürmə xətlərinin çəkilməsi artıq yekunlaşmaqdadır.

İcra qrafikinə əsasən, 2024-cü ilin sentyabr ayından başlanılan və artıq tamamlanan layihənin birinci mərhələsi “Bankə” və “Biləsuvar” günəş elektrik stansiyalarının enerjisistemə qoşulması öhdəliyinin yerinə yetirilməsini şərtləndirir. Bu böyük enerji layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyələşdirilmə hissəsinə start verilməsi nəzərdə tutulur.

Dünya Bankının krediti hesabına “Nəvahi” yarımstansiyasının 500 kilovoltluq tərəfinin və yarımstansiya üçün transformator, əlaqəli avadanlıqların alınması və quraşdırılması, habelə adıçəkilən yarımstansiyadan Mingəçevirə 500 kilovoltluq, o cümlədən Ələt, Abşeron və Qobuya 330 kilovoltluq ötürmə xətlərinin tikintisi planlaşdırılıb. Bu mərhələnin isə 3 il müddətinə yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən layihəsinin icra olunmasında əsas məqsəd Azərbaycanda tikilən 2 giqavat bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirməkdir. Bunun üçün ölkədə əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün ölkənin ən böyük yarımstansiyalarından biri – 500/330 kV-luq “Nəvahi” Enerji Qovşağı tikilir və oradan ölkənin müxtəlif istiqamətlərinə 500 və 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətləri çəkilir.

Qeyd edək ki, bu layihənin həyata keçirilməsi üçün Dünya Bankı tərəfindən 173,5 milyon ABŞ dolları məbləğində kredit ayrılıb. Həmin vəsaitin 5 ili güzəşt dövrü olmaqla 15 illik müddətə cəlb olunması və kreditin qaytarılması 2039-cu ilin sonunda bitəcəyi nəzərdə tutulub.

Sonda ölkəmizdə bərpa olunan enerji potensialının reallaşdırılması ilə əlaqədar bəzi göstəriciləri də diqqətə çatdırmaq istərdik. Belə ki, Energetika Nazirliyindən redaksiyamıza verilən məlumata görə, cari ilin birinci yarımilində respublika üzrə elektrik enerjisi istehsalı 291,5 milyon kilovat-saat, yəni 2,2 faiz artaraq 13 milyard 849,3 milyon kilovat-saat olub. Bu dövrdə istilik elektrik stansiyalarında (İES-lərdə) 11 milyard 519,2 milyon kilovat-saat, su-elektrik stansiyalarında (SES-lərdə) 1 milyard 860 milyon kilovat-saat, digər mənbələr üzrə isə 470,1 milyon kilovat-saat, o cümlədən külək elektrik stansiyalarında(KES-lərdə) 21 milyon kilovat-saat, günəş elektrik stansiyalarında (GES-lərdə)314,6 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpaolunan enerji mənbələrindən 14,6 faiz və ya 297,2 milyon kilovat-saat artımla 2 milyard 330,1 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

6 ay ərzində elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 12 milyard 323,2 milyon kilovat-saat (İES-lərdə 10 milyard 441,4 milyon kilovat-saat, SES-lərdə 1 milyard 851,1 milyon kilovat-saat, GES-lərdə 30,7 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,6 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 511,5 milyon kilovat-saat təşkil edib. Hesabat dövründə elektrik enerjisinin ixracı 59,9 faiz artaraq 709,9 milyon kilovat-saat, idxalı isə 15,9 faiz azalaraq 81,1 milyon kilovat-saat olub.

 

 



İqtisadiyyat