Azərbaycanın yaşıl enerji sahəsində əldə etdiyi tarixi uğurlar - nəhəng şirkətlərlə qurulan tərəfdaşlıq, rekord həcmdə xarici investisiyaların cəlbi və nəhəng günəş-külək elektrik stansiyalarının inşası - ölkəmizi qlobal enerji xəritəsində əvəzedilməz bir mərkəzə çevirmişdir. Bu transformasiyanın təməlində Ümummilli Lider Heydər Əliyevin "Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də yalnız indiki nəsillərə deyil, həm də gələcək nəsillərə mənsubdur" fəlsəfəsi dayanır. Bu gün həmin miras Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə "yaşıl sərvətə" çevrilir. Dövlət başçısının qeyd etdiyi kimi: “Azərbaycanın bərpa olunan enerji potensialı bizim böyük sərvətimizdir və biz bu potensialı reallığa çeviririk.” Bu yanaşma, gələcəkdə tarixi torpaqlarımızda qurulacaq həyatın iqtisadi cəhətdən özünü təmin edən və ekoloji baxımdan dayanıqlı olacağına ən etibarlı təminatdır.
Ölkə başçısının enerji strategiyası Zəngəzur dəhlizini təkcə qitələri birləşdirən logistik arteriya deyil, həm də Avropanın enerji təhlükəsizliyinə birbaşa töhfə verən strateji bir "Yaşıl Enerji Körpüsü" kimi dizayn edir. Bu konsepsiya Xəzər dənizindən və daxili resurslardan əldə edilən enerjinin Qərbi Azərbaycan ərazisindən keçərək dünyaya çatdırılmasını nəzərdə tutur ki, bu da bölgənin geosiyasi əhəmiyyətini sarsılmaz edir. Prezidentin bu istiqamətdəki qətiyyəti regionun gələcək taleyini müəyyən edir: “Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu deyil, həm də enerji ixracı marşrutu olacaqdır.” Bu layihə ilə Azərbaycan bölgədə sülhün və əməkdaşlığın "yaşıl zəmanətçisinə" çevrilir.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda uğurla sınaqdan çıxan "Yaşıl Enerji Zonası" modeli, Qərbi Azərbaycana qayıdış konsepsiyasının innovativ təməlini təşkil edir. Bu, sadəcə coğrafi bir dönüş deyil, həm də tarixi yaddaşın ən müasir "ağıllı kənd" və "ağıllı şəhər" texnologiyaları ilə birləşməsidir. Dövlət başçısının vurğuladığı kimi: “Biz bu torpaqları ən müasir standartlarla bərpa edirik və edəcəyik. Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına qürurla qayıdacaqlar.” Həmin ərazilərdə qurulacaq infrastruktur ekoloji təmiz iqtisadiyyatın, innovativ kənd təsərrüfatının və təmiz sənayenin mərkəzinə çevriləcəkdir.
Bu milli strategiya Qərbi Azərbaycanın zəngin təbii resurslarını - dağ çaylarının hidroenerji potensialını və günəş enerjisi imkanlarını - strateji üstünlüyə çevirərək, bölgəni gələcək "yaşıl iqtisadiyyatın" qlobal habı kimi canlandırmağı vəd edir. Azərbaycanın bu siyasəti xalqımızın iradəsini və dövlətimizin qüdrətini bütün dünyaya bəyan edir: “Bizim sözümüz imzamız qədər dəyərlidir. Biz istədiyimizə nail oluruq və olacağıq!” Qərbi Azərbaycana qayıdış bu "yaşıl işığın" şöləsində həm mənəvi haqqın bərpası, həm də regionun iqtisadi intibahıdır.
Qərbi Azərbaycan ərazisinin hidroenerji potensialı - Zəngəzur, Zəngibasar, Dərələyəz, Göyçə, Qafan, Mehri mahallarının çayları, yeraltı su hövzələri və bulaqları araşdırılmışdır. Bu ərazilərdən irili-xırdalı yüzlərlə çay keçir. Qərbi Azərbaycanın su enerji ehtiyatlarının potensialı 21,8 milyard kVt∙saatdır. İldə 8,6 milyard kilovat∙saatından istifadə etmək texniki cəhətdən mümkündür. Həmçının Qərbi Azərbaycanın böyük çayları, onların uzunluğu, yerləşdiyi ərazi, hövzəsinin sahəsi və onlar üzərində tikilən su anbarları haqqında araşdırma aparılmışdır. Bu ərazilərdə günəş radiasıyasının miqdarı kifayət qədər yüksəkdir və günəşli saatlarin illik miqdarı 2500-2800 saatdır. Bu da onu göstərir ki, Qərbi Azərbaycan ərazisi kifayət qədər günəş enerji potensialı ilə zəngindir. Həmçının bu ərazilərin külək enerji potensialı haqqında məlumat verilərək qeyd edilmişdir ki, bu ərazilərdə yay fəslini çıxmaq şərtilə ilin digər fəsillərində demək olar ki, gün ərzində küləkli hava müşahidə edilir. Həmçinin küləyin orta illik sürəti bu ərazilərdə 5-7 m/s hesab edilir. Bütün bu araşdırmalardan məlum olur ki, Qərbi Azərbaycan ərazisində kifayət qədər bərpa olunan enerji ehtiyatları vardır.
Bərpa olunan enerji mənbələri dedikdə hidroenerji, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi və qabarma- çəkilmə enerjisi başa düşülür.
Günəş enerjisi - Günəş işığından enerji əldə edilməsi texnologiyasıdır.Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur.
Külək enerjisi — küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Bərpa olunan enerji mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər.
Hidroenerji dedikdə, çayların, su axınının enerjisi başa düşülür. Hər bir çay müəyyən hidroenerji ehtiyatına malikdir. Hidroenerji ehtiyatları təbiətdə su dövranı ilə əlaqədardır. Su dövranı – Yerdə günəş radiasiyasının və ağırlıq qüvvəsinin təsiri nəticəsində suyun fasiləsiz yerdəyişməsidir
Geotermal enerji yeralti suların, süxurların enerjisidir.
Qərbi Azərbaycan ərazisi bütöv Azərbaycanın qədim, təbiətinə görə ən zəngin bölgələrindən biridir. Keçmişdə Azərbaycanın şimalı ilə cənubunu, bütün Qafqazla Yaxın Şərqi birləşdirən bu ərazi hazırda qərbdən Türkiyə, şərqdən və cənub-şərqdən Azərbaycan Respublikası, şimaldan Gürcüstan, cənubdan isə İranla həmsərhəd olmaqla 29,8 min km² sahəni əhatə edir. Bu diyar indi Ermənistan Respublikası kimi tanınsa da, onun ərazisi qədim Türk-Oğuz yurdu, tarixi Azərbaycan torpağıdır.
Qərbi Azərbaycanın ərazisi subtropik zonada yerləşir, lakin dağlıq relyefinə görə müxtəlif iqlim tipləri ilə seçilir. Qərbi Azərbaycanın iqliminə Qara və Xəzər dənizlərinin, eləcə də quraq İran və Kiçik Asiyanın yüksək dağlıq ərazilərinin yaxınlığı təsir edir. Düz və dağətəyi hissələrin iqlimi quru, yayı isti və qışı mülayim soyuq olan kontinentaldır, iyulda orta temperatur 24 - 26° C, mütləq maksimum temperatur 42° C, yanvarda - 5°C; yağıntılar ildə 200 - 400 mm-dir. Orta dağlarda iqlim mülayimdir. İyul, avqust aylarında orta temperatur 18°C, qışı mülayim, qarlı, yanvarda orta temperatur -8° C - dən -2°C-dək olur. Yağıntıların illik miqdarı 600-800 mm olur. Yüksək dağlıq ərazilərdə (2000-3000 m hündürlükdə) isə soyuq iqlim şəraiti müşahidə edilir.
Qərbi Azərbaycan ərazisinin bərpa olunan enerji mənbələrini araşdırarkən məlum olur ki, bu ərazilər yüksək miqdarda hidroenerji potensialına malikdir. Bu ərazilərdən irili xırdalı yüzlərlə çay axır. Onlardan ən böyüyü - Araz (192 km; 1072 km - ümumi uzunluğu) Zaqafqaziyanın ən böyük çayı - Kürün sağ qoludur. Qərbi Azərbaycanın çaylarında gəmiçilik üçün imkanlar yoxdur, ona görə də çay sularından əsasən suvarma və su elektrik enerjisi mənbəyi kimi istifadə olunur. Qərbi Azərbaycanın su enerji ehtiyatlarının potensialı 21,8 milyard Kvt∙saatdır. İldə 8,6 milyard kilovat∙saatdan istifadə etmək texniki cəhətdən mümkündür. Qərbi Azərbaycanın mərkəzi və cənub hissələrinin bir çox ərazilərində yeraltı su axını üstünlük təşkil edir. Ən böyük artezian hövzəsi 29 milyard m3 su ehtiyatı olan İrəvan Çuxuru hövzəsidir. Müəyyən edilmiş bütün yeraltı hövzələrdə su ehtiyatı 50 milyard m3 olaraq qiymətləndirilir. Vulkanik ərazilərdə yeraltı sular həm şirin, həm də mineral olan çoxsaylı bulaqlar şəklində səthə çıxır. Bu ərazilərdə 8 mindən çox bulaq vardır.
Qərbi Azərbaycanın ərazisindən keçən ən böyük çayları bunlardır : Araz çayı-Türkiyə, İran, Azarbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axır. Öz mənbəyini Türkiyə ərazisində Bingöl silsiləsindən götürür. Araz çayı qarışıq mənbələrdən qidalanır. Axımının 44%-ni yeraltı sular, 38%-ni qar suları, 18%-i isə yağış suları təşkil edir. Çay Sabirabad səhəri yaxinliginda Suqovusan adlanan ərazidə Kür cayı ilə birləşib Xəzər dəniziə axır.
Arpaçay Araz çayinin sol qoludur. Uzunluğu 126 km, hövzəsinin sahəsi 2630 km²-dir. Başlanğıcını Basarkeçər dağ silsiləsində Cermuk şəhərindən 12 km şimal-şərqdə, 2985 metr hündürlükdə yerləşən zirvədən götürür. Yeraltı sular, qar və qismən yağış suları ilə qidalanır. Suvarmada geniş istifadə edildiyindən yayda suyu Araza çatmır. 1970-ci ildə Arpaçayından Göyçə gölünə su axıtmaq məqsədilə 48.6 km uzunluğunda tunel çəkilmişdir. Şərur rayonu ərazisində 1977-ci ildə çayın üzərində su tutumu 150 mln. m³ olan su anbarı tikilmişdir.
Zəngi çayı da Araz çayının sol qoludur. Bu çay başlanğıcını Göyçə gölündən götürür. Axta, Gümüş rayonlarından, İrəvan şəhərindən, Zəngibasar rayonunun ərazisindən axıb Araz çayına tökülür. Bu çayın yatağı qədim zəngi tayfalarının sıx məskunlaşdığı ərazilərdə yerləşdiyi üçün çayın adı məhz bu cür adlandırılıb. İlin yaz və payız aylarında vaxtaşırı daşan Zəngi çayı yataqboyu yerləşən düzənlik ərazini basırdı. Ona görə də, bu yerlər - Zəngi çayının daşqın sularının basdığı ərazi “Zəngibasar” adlandırılıb.
Ağstafaçay çay Kür çayının sağ qolu olub, uzunlugu 13 km, hövzəsinin sahəsi 2500 km2-dir. Başlanğıcını Kiçik Qafqazın şımal şərq hissəsində Pəmbək sıra dağlarından götürür.
Gərni çayı da Araz çayının sol qolu olub baslanğıcını Göyçə dağ silsiləsindən götürərək Gərnibasar mahalı ərazisində Araza tökülür. Uzunluğu 34 km-dir.
Bazarçay çayının uzunluğü 178 km, hövzəsinin sahəsi 2711 km2-dir. Zəngəzur ərazisində yerləşən Bazarçay Zəngəzur dağ silsiləsi və Qarabağ yaylası arasında yerləşir. Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından 3040 m yüksəklikdə yerləşən Zalxa gölündən götürür.
Tona çayı indiki Ermənistan və Gürcüstan ərazilərindən axan çaydır.
Oxçuçay çayı Azərbaycan və Ermənistan ərazilərindən axan çaydır. Oxçu çayı öz başlanğıcını Zəngəzur silsiləsinin ən uca zirvəsi olan Qapıcıq dağının (3904 m) cənubunda 3502 metr yüksəklikdə olan Yağlı dərə dağlarından götürür. Arazin sol qoludur. Qafan rayonu və Zəngilan rayonu ərazilərindən keçir. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km2-dir..
Cəlaloğlu çayı da Qərbi Azərbaycanın Loru mahalı ərazisindən keçir.Tona çayının sol qoludur.
Tərsaçay çayı Ağstafa çayının sağ qoludur. Uzunluğu 58 km olub başlanğıcını Göyçə dağlarından götürür.
Ələyəz çayı Arpa çayının sağ qoludur. Dərələyəz mahalından keçir və uzunluğu 49 km-dir.
Qaranlıq çayı uzunluğu 42 km olub Göyçə mahalının Qaranlıq rayonu ərazisindən axır.
Qarasu çayı - Arazin sol qolu. Uzunluğu 40 km, hövzəsinin sahəsi 1610 km2-dir
Basarkeçər çayı Göyçə mahalının Basarkeçər mahalından keçir. Uzunluğu 28 km-dir
Gorus çayı Zəngəzur mahalındakı çaydır. Uzunluğu 29 km-dir.
Balıqlı çayı Goyçə golünə şimal - şərq tərəfdən tökülən çaydır.
Bəsitçay Arazin sol qolu olub mənbəyini indiki Ermənistan respublikasından götürür. Çayın uzunluğu 44 km-dir.
Əyənzur çayı da Arpa çayının sağ qoludur. Uzunluğu 42 km olan bu çay Dərələyəz mahalından keçir.
Qazangölçay keçmiş Qafan rayonu ərazisində Gığı dərəsi boyunca axan dağ çayıdır. Çay öz mənbəyini 3130 m yüksəklikdə Hərəmli adlı yerdən və Qazangöl gölündən götürür. Hərəmlidən və Qazangöldən gələn kiçik çay qolları Motalqəyə adlı yerdə birləşərək 30 km uzunluqlu Oxçuçayın sol qolu olan Qazangölçayı əmələ gətirir.
Qacaran şəhərində yerləşən Zəngəzur mis - molibden zavodunu elektrik enerjisiylə təmin etmək məqsədiylə 1983-cü ildə Qazangölçay üzərində Gığı Su Elektrik Stansiyası inşa olunmuşdu. Baharlı kəndində tikilən su anbarının daşma və kəndin su altında təhlükəsi səbəbindən Baharlı kənd sakinləri qonşu Zeyvə kəndinə köçmüş və 1988-ci ildə digər azərbaycanlılar kimi Zeyvədən deportasiya olunmuşdular.
1970-ci ildə Gəyən dağının ətəyində 2010 m yüksəklikdə qədim Azərbaycan torpaqları olmuş Qaraqala kəndinin şərqində yağış, qar sularının toplanması nəticəsində Qaraqala su anbarı tikilmişdir. Süni su hövzəsi olan bu hidroqovşaq ətraf rayonlardakı əkin sahələrinin suvarılması üçün istifadə edilirdi. Həmin ildə Göyçə gölünün səviyyəsinin aşağı düşməsinin qarşısının alınması üçün Arpa çayı sahilində Dərələyəz mahalının Qədim Quşçu kəndi yaxınlıgındakı Quşçu su anbarının tikintisinə başlanılmış, Basarkeçər dağ silsiləsindən 40 km-lik tunel qazılaraq bu anbardan su nəql edilmişdir. Həmin hövzədə balıqçılıq təsərrüfatı da yaradılmışdır. Quşçu su anbarı 1950 m yüksəklikdə, sahəsi 145 hektar, sahil xətlərinin uzunluğu 8.5 km, dərinliyi 20 metr, su ehtiyatı 23 milyon kub metrdir.
Başlanğıcını Qarabağ yaylasının şimal-qərb yamaclarından alan Həkəri çayının sağ qolu olan və uzunlugu 178 km olan Bazarçayın yuxarı axarlarında, çayın üstündə Qalaçıq kəndindən 2-3 km şimal-qərbə tərəf hidroenerji məqsədilə su anbarı tikilmişdir və Quşçu su anbarı ilə 9-10 km-lik yeraltı su xətti ilə birləşdirilib ki, bu da Bazarçay hövzəsinin Göyçə gölü ilə süni əlaqəsinin yaranmasına səbəb olmuşdur.
Göyçə gölü nəinki Qərbi Azərbaycanda, Cənubi Qafqazda, ümumən Qafqazda, eləcə də dünyada tektonik mənşəli yüksək dağ gölləri sırasında təmiz su ehtiyatına görə fərqlənən təbii sututar kimi (1898 m yüksəklikdə olan) qiymətləndirilir və “Qafqazın incisi” hesab edilir.
2012 ci Qərbi Azərbaycanın Zəngəzur mahalının Mehri bölgəsində ümumi gücü 130 MVt olan Mehri Su Elektrik Stansiyası tikilmişdir. Bütün bu araşdirmalardan belə məlum olur ki, QərbiAzərbaycan əraziləri kifayət qədər hidroenerji potensialına malikdir.
Qərbi Azərbaycan ərazisi Günəşdən bol işıq və istilik enerjisi alır. Günəş radiasiyasının miqdarı bu ərazilərdə kifayət qədər yüksəkdir. Həmin ərazilərdə günəşli saatlarin illik miqdarı 2500 - 2800 saat, Günəş radiasiyasının illik miqdarı isə təxminən 170-180 Vt /m2-dir. Bu da onu göstərir ki, Qərbi Azərbaycan əraziləri böyük miqdarda günəş enerji potensialına malikdir.
Həmin ərazilərdə yay aylarında isti küləklər əsir. Regionda qış aylarında şimal və qərb küləkləri əsir. Demək olar ki bu ərazilərdə yay ayları istisna olmaqla digər aylarda günün bütün vaxtlarında küləkli hava müşahidə edilir. Bu ərazilərdə küləyin sürəti bəzən 15-20 m/s-yə çatır. Küləyin orta illik sürəti isə bu ərazilərdə 7-8 m/s hesab edilir. Hakim küləklərin istiqaməti dağların quzey səmti, vadilərin və dərələrin istiqaməti boyunca davam edir. Bu göstəriciləri nəzərə alaraq qeyd etmək olar ki, bu ərazilərdə külək enerji potensialı da kifayət qədər yüksəkdir.
Azərbaycanın yaşıl enerji sahəsində əldə etdiyi uğurlar — xarici investisiyaların cəlbi, nəhəng günəş və külək stansiyalarının inşası — ölkəmizi qlobal enerji xəritəsində əvəzedilməz bir mərkəzə çevirir. Ümummilli Lider Heydər Əliyevin hələ onilliklər əvvəl uzaqgörənliklə dediyi: "Azərbaycanın böyük neft və qaz yataqlarına malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu, xalqın rifahına xidmət edən ən əsas amildir" fikri bu gün yaşıl enerji resursları ilə yeni bir epoxaya qədəm qoyur. Bu strateji varislik, Qərbi Azərbaycanın yüksək potensiallı resurslarının gələcəkdə həmin torpaqlarda qurulacaq həyatın özünü təmin edən, dayanıqlı və rəqabətqabiliyyətli olacağına tam təminat verir.
Ölkə başçısının enerji strategiyası Zəngəzur dəhlizini təkcə logistik yol deyil, həm də qitələri birləşdirən bir "yaşıl enerji körpüsü" kimi dizayn edir. Bu, Qərbi Azərbaycan ərazisindən keçəcək beynəlxalq enerji axınları deməkdir ki, bu da bölgənin təhlükəsizliyini və iqtisadi əhəmiyyətini beynəlxalq səviyyədə möhkəmləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir." Zəngəzur dəhlizi vasitəsilə ixrac ediləcək "yaşıl kVt/saatlar" regionun geosiyasi çəkisini artırmaqla yanaşı, tarixi torpaqlarımızın iqtisadi dirçəlişinin əsas hərəkətverici qüvvəsi olacaqdır.
Prezident İlham Əliyevin xüsusi qətiyyətlə vurduğu: "Naxçıvanın, Qarabağın və Şərqi Zəngəzurun bərpa olunan enerji potensialı bizim strateji sərvətimizdir. Biz bu bölgələri dünyanın ən müasir yaşıl enerji mərkəzlərinə çevirəcəyik" sözləri bu gün artıq reallığa çevrilməkdədir. Bu iradə, Qərbi Azərbaycanın zəngin külək, günəş və hidroenerji resurslarını milli gücə çevirərək, bölgəni gələcək yaşıl iqtisadiyyatın parlaq mərkəzi kimi canlandırmağı vəd edir. Beləliklə, Azərbaycanın enerji diplomatiyası həm tarixi ədalətin bərpasına, həm də bəşəriyyətin ekoloji gələcəyinə xidmət edən unikal bir model yaradır.
Sevinc RZAYEVA
Naxcıvan Dövlət Universitetinin Elektroenerqetika mühəndisliyi kafedrasının baş müəllimi

