Şəhərsalma Forumu Azərbaycana yeni paytaxt anlayışı gətirəcək
Bakı növbəti dəfə dialoqun, təcrübə mübadiləsinin və gələcəyə yatırımın mərkəzinə çevrilir. 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) müasir paytaxt anlayışını, planlaşdırma ahəngini və xalqın şəhərin gələcəyinə dair baxışını nümayiş etdirəcək, yeni çağırışları cavablandıracaq.
ADA Universitetində 13-cü Ümumdünya Şəhərsalma Forumu çərçivəsində "Azərbaycan Şəhərsalma Kampaniyası"nın təqdimatı baş tutub. Bu, böyük hədəfə uğurlu addımın göstəricisidir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən kampaniya şəhərsalma, məskunlaşma, dayanıqlı inkişaf və iqlimlə bağlı çağırışları diqqət mərkəzinə daşıyır.
Tədbirdə qeyd olunub ki, 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu ərəfəsində tərəfdaşlarla bir sıra təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Bu təşəbbüslərin əsas məqsədi müxtəlif maraqlı tərəfləri — hökumət üzvlərini, milli qərarvericiləri, yerli idarəetmə orqanlarını, parlament üzvlərini, gəncləri, qadınları, vətəndaş cəmiyyətini, tədqiqat mərkəzlərini, xeyriyyə təşkilatlarını, elmi-tədqiqat institutlarını, akademik dairələri və əlilliyi olan şəxsləri birgə fəaliyyət platformasında bir araya gətirməkdir.
Qeyd edək ki, forum çərçivəsində şəhərsalma, urban inkişaf və dayanıqlı şəhərlər mövzusunda dünyanın aparıcı mütəxəssisləri bir araya gələcək. İştirakçılar innovativ layihələri, müasir texnologiyaları və urban inkişaf təcrübələrini müzakirə etmək imkanı əldə edəcəklər. Bununla yanaşı, 2026-cı ildə keçiriləcək qlobal tədbirə ev sahibliyinə hazırlıq ölkəmizin mövqeyini gücləndirir. Artıq Azərbaycanın söz sahibi olduğu sahələr arasında ekologiya, iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf da yer alır. Bu sahədə atılan addımlar və qəbul edilən qərarlar isə gələcək üçün önəmlidir.
Digər tərəfdən, BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə rəhbəri Anna Soave jurnalistlərə açıqlamasında deyib ki, 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna iştirak üçün 20 000-dən çox qonaq gələcək. O bildirib ki, WUF13 dünyanın ən böyük tədbirlərindən biridir. 2026-cı ildə Bakıda keçiriləcək WUF13 ərəfəsində tərəfdaşlarla bir sıra təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Əsas məqsəd müxtəlif maraqlı tərəfləri – hökumət üzvlərini, milli qərarvericiləri, yerli idarəetmə orqanlarını, parlament üzvlərini, gəncləri, qadınları, vətəndaş cəmiyyətini, tədqiqat mərkəzlərini, xeyriyyə təşkilatlarını, elmi-tədqiqat institutlarını, akademik dairələri və əlilliyi olan şəxsləri birgə fəaliyyət platformasında bir araya gətirməkdir.
Əldə ediləcək nəticələr və formalaşacaq strategiyalar yalnız sənəd səviyyəsində qalmaqla kifayətlənməyəcək, real icra potensialı daşıyacaq. Bu prosesin mərkəzində insan amilinin dayanması isə onun əsas fəlsəfəsini təşkil edir — məqsəd təkcə şəhərləri planlaşdırmaq deyil, dayanıqlı, inklüziv və gələcəyə hesablanmış yaşayış məkanları formalaşdırmaqdır.
Bakı üçün bu forum həm imkan, həm məsuliyyətdir. İmkan — çünki beynəlxalq ekspertlərdən, donor qurumlardan və innovatorlardan gələn biliklər şəhərimizin planlaşdırma təcrübəsini zənginləşdirə bilər. Məsuliyyət isə dəbdəbəli təqdimatlardan sonra real layihələrin həyata keçirilməsi, insanlara çatacaq xidmətlərin yaxşılaşdırılması və ekoloji meyarların qorunmasını tələb edir. Şəhərsalma ilə bağlı müzakirələr küçələrdə, parklarda və məhəllələrdə öz sözünü deməlidir.
Bakı Olimpiya Stadionunda keçiriləcək WUF13 həm də ölkəmizin qlobal rollarından birinin simvoludur: Azərbaycan regional liderlik mövqeyini beynəlxalq urbanizm problemlərinin həllinə yönəldir. Bu, iqtisadiyyat üçün yeni investisiya kanalları, şəhər infrastrukturu üçün texniki əməkdaşlıqlar və ən əsası — vətəndaş üçün daha yaşanılacaq mühit deməkdir. İqlimlə bağlı strategiyalar burada konkret maliyyə və texnoloji dəstək qazandıqca daha effektli nəticələr verəcək.
Şəhərsalma Forumuna paralel olaraq bu gün Böyük Qayıdış Proqramı uğurla icra olunur. Elə beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində bu proses durur. Onlar Azərbaycanın xalqının “qurub-yaradan xalq” olduğunu yaxından izləmək üçün can atırlar. Qlobal güclərə ölkəmizin postmüharibə dövründə iriçaplı layihələrin icrasını necə reallaşdırdığı olduqca maraqlıdır. Bununla yanaşı, tarixi ədalətin bərpası, uzun illər yurd-yuvalarından ayrı düşmüş soydaşlarımızın artıq öz yerlərinə qayıtması bu marağı daha da artırır.
Azərbaycanın şəhərsalma təcrübəsi artıq müstəqil şəkildə formalaşır və dünyaya təqdim ediləcək nümunələr toplusunu zənginləşdirir. Amma həqiqi nailiyyət o zaman görünəcək ki, Bakıda müzakirə olunan ideyalar kəndlərə, rayon və şəhərlərə qədər tətbiq edilsin. Böyük forumun yaradıcılığı yerli praktikalara çevrilməli, nəticələr isə vətəndaşın gündəlik həyatında görünməlidir.
Nurlan ABDALOV
XQ