TDT-yə üzv ölkələrin ÜDM-i 2,1 trilyon dollara çatıb
Son illər təkcə ortaq mədəni və dil birliyi ilə deyil, iqtisadi inteqrasiya sahəsində atdığı uğurlu addımlarla da diqqətçəkən Türk Dövlətləri Təşkilatı (TDT) fəaliyyət göstərdiyi müddətdə səmərəli inkişaf yolu keçib. Təşkilat 173 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyanı təmsil edərək qlobal miqyasda da güclü qurum kimi tanınıb.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə təsis edilib. İlk vaxtlar təşkilatın adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olub. 2021-ci ildən isə qurum Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirir. Qurumun əsas məqsədi türkdilli dövlətlər arasında əməkdaşlığı gücləndirmək, regional sabitlik və inkişaf üçün ortaq platforma yaratmaqdır. Təşkilatın üzv ölkələri, ümumilikdə, 170 milyondan artıq əhalini, 4,5 milyon kvadratkilometr ərazini, 2,1 trilyon ABŞ dolları həcmində Ümumi Daxili Məhsulu və zəngin təbii ehtiyatları özündə birləşdirir.
Türkdilli ölkələr arasında siyasət, iqtisadiyyat, elm, təhsil, nəqliyyat və turizm sahələrində əməkdaşlığı genişləndirmək məqsədilə yaradılmış dövlətlərarası blokun üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusuna malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir.
Hazırda TDT ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev üzv ölkələrlə qardaşlıq münasibətlərini yüksək dəyərləndirərək deyib: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
Şübhəsiz, bu fikirlər Prezident İlham Əliyevin Türk dünyasına verdiyi xüsusi önəmin, türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olmasının, həmçinin türk birliyi və həmrəyliyinin, TDT-nin bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə əminliyin parlaq ifadəsidir.
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusa malik ölkələrlə ticarət dövriyyəsi 4 milyard 737 milyon ABŞ dolları təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 226,3 milyon dollar və ya 5 faiz artım deməkdir. Ümumilikdə isə hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,7 faizinə bərəbər olub.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin 8 ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 7,9 faiz azalaraq 3,8 milyard dollar, Qırğızıstanla 1,8 dəfə artaraq 53,4 milyon dollar, Qazaxıstanla 3,2 dəfə artaraq 547,6 milyon dollar, Özbəkistanla isə 2,1 dəfə artaraq 292 milyon dollar təşkil edib.
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə 30,3 milyon dollar dəyərində 65,4 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları, 394,5 milyon dollar dəyərində isə qeyri-neft məhsulları ixrac edilib. Bununla yanaşı, hesabat dövründə Qazaxıstan Azərbaycandan 65,7, Özbəkistan isə 43,2 milyon dollar dəyərində qeyri-neft məhsulları idxal edib. Digər ölkələrə isə sözügedən məhsulların ixracı ilə bağlı göstəricilər qeydə alınmayıb.
Azərbaycanla adıçəkilən ölkələr arasında ticarət dövriyyəsinin artırılması üçün isə potensial olduqca yüksəkdir. Bu səbəbdən də son illər TDT-yə üzv ölkələr nəqliyyat, investisiya, enerji və sənaye kimi mühüm sahələrdə fəal əməkdaşlıq edirlər. Eyni zamanda, ötən müddətdə TDT-yə üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində bir sıra layihələr reallaşdırılıb.
Məlum olduğu kimi, Türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirən əsas amillərdən biri strateji nəqliyyat layihələridir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr sayəsində təşkilata üzv ölkələr Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Bu marşrutlar Çindən Avropaya yükdaşımaların müddətini 35 gündən 12-15 günə endirir və TDT ölkələrinə illik milyardlarla dollarlıq tranzit gəliri vəd edir.
Bununla yanaşı, enerji sektoru da TDT-nin iqtisadi potensialında mühüm yer tutur. Azərbaycan, Qazaxıstan və Türkmənistanın zəngin neft və qaz ehtiyatları Türkiyənin enerji logistikası imkanları ilə birləşərək regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. TANAP, TAP və Bakı–Tbilisi–Ceyhan kimi kəmərlər vasitəsilə türk dövlətləri Avropa bazarlarına enerji ixracatını artırmaqla yanaşı, öz mövqelərini də gücləndirirlər.
Hazırda TDT-nin uzunmüddətli iqtisadi strategiyası daxilində vahid gömrük məkanının yaradılması, birgə sənaye zonalarının qurulması, ortaq nəqliyyat tarifləri və hətta gələcəkdə ortaq valyuta vahidi ideyası gündəmdədir. Bundan əlavə, hazırda Türk İnkişaf Bankı kimi ortaq maliyyə institutunun yaradılması ilə bağlı da müzakirələr aparılır. Sözügedən təşəbbüslərin həyata keçməsi isə heç şübhəsiz, TDT daxilində sərmayə axınlarını sürətləndirəcək və ticarət maneələrini azaladacaq. Bununla da qurum daxilində iqtisadi inteqrasiya daha sistemli xarakter alacaq.
Təşkilat çərçivəsində rəqəmsal iqtisadiyyat, startapların dəstəklənməsi, kənd təsərrüfatı, təhsil və informasiya texnologiyaları kimi sahələrdə də əməkdaşlıq inkişaf etdirilir. Gələcəkdə bu istiqamətlər üzrə ortaq fondların yaradılması və texnoloji mübadilənin gücləndirilməsi nəzərdə tutulur.
Göründüyü kimi, Türk Dövlətləri Təşkilatı təkcə ortaq tarix, dil və mədəni irs üzərində qurulmuş birlik deyil, həm də real iqtisadi gücə malik, strateji baxışa sahib və gələcəkdə qlobal iqtisadi güc mərkəzinə çevrilmək potensialı olan bir strukturdur. Ekspertlərin qənaətinə görə, inteqrasiya prosesi davam etdirilərsə və üzv ölkələr arasında iqtisadi əməkdaşlıq daha da dərinləşərsə, Türk Dövlətləri Təşkilatı qarşıdakı illərdə Avrasiya məkanında əsas söz sahibi, qərarverici iqtisadi gücə çevrilə bilər.
Mirbağır YAQUBZADƏ
XQ